Əsas Səhifə > Güney Press > Bakıda avtobuslardan narazılıq artır

Bakıda avtobuslardan narazılıq artır


Dünən, 17:06

Bakıda avtobuslarla bağlı narazılıqlar artır.

Bir çox marşrut xətləri üzrə avtobuslar gec gəlir və nəticədə dayanacaqlarda uzun növbələr yaranır. Vətəndaşlar xüsusilə 165, 135, 119, 79, 88 və 205 nömrəli avtobusların gecikməsindən şikayət edirlər.

Bəzən sərnişinlər dayanacaqlarda 30-40 dəqiqəyə qədər avtobus gözləməli olurlar. Vətəndaşlar bildirirlər ki, avtobus sürücülərinə və aidiyyəti qurumların “qaynar xətti”-nə dəfələrlə müraciət etmələrinə baxmayaraq, vəziyyət dəyişmir və gecikmələr davam edir.

Maraqlıdır ki, gediş haqqı artırılsa da, xidmət səviyyəsində heç bir irəliləyiş müşahidə olunmur. Bu problem həm qiyməti qaldırılan, həm də qiyməti dəyişməyən avtobuslarda özünü göstərir və sərnişinləri ciddi narahat edir. Bəzi avtobus sürücüləri sərnişinlərin şikayətinə cavab olaraq yollardakı tıxacı, təmiri, avtobusların sayının azaldılmasını göstəriblər.

Qiymət artırılsa da, keyfiyyətdə niyə irəliləyiş yoxdur?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Cebheinfo.az”-a bildirilib ki, marşrutlarda avtobus sayı və hərəkət intervalı sərnişin tələbatına uyğun təşkil edilir:

“Günün pik saatlarında avtobusların keçdiyi küçə və prospektlərdə müşahidə edilən sıxlıq səbəbindən marşrut xətlərində ləngimələr yarana və intervallarda artım ola bilir. Tərəfimizdən daşıyıcılara marşrutlar üzrə avtobusların sayının sərnişin tələbatına uyğun nizamlanması, günün pik saatlarında sərnişin sıxlığı yaranacağı təqdirdə marşrutlara əlavə avtobusların cəlb edilməsi, marşrutların nizamlı fəaliyyətinin təmin olunması barədə tapşırıqlar verilir”.


Geri qayıt