Əsas Səhifə > Güney Press > Azərbaycandan Avropaya ixracla bağlı istehsalçılara yeni tələb qoyulub
Azərbaycandan Avropaya ixracla bağlı istehsalçılara yeni tələb qoyulubBu gün, 16:09 |
Azərbaycandan Avropaya məhsul ixrac etmək istəyən istehsalçılar üçün yeni texnoloji tələb qüvvəyə minir. Bu barədə"Report"un sorğusuna cavab olaraq Azərbaycan istehsalı olan məhsulları üçün ştrixkod verən "GS1 Azerbaijan" MMC-dən bildirilib. Məlumata görə, 2027-ci ildən etibarən pərakəndə satış məntəqələrində Digital Link kodlarının tətbiqinə başlanılacaq. Artıq sentyabr ayından bəzi yerli şərab istehsalçıları məhsullarını Avropa bazarına ixrac edən zaman qablaşdırma üzərindəki etiketin yeni tələblərə uyğun olmadığı üçün çətinliklərlə üzləşiblər: "Artıq Avropa ölkələri məhsullarda yalnız ənənəvi ştrixkodların deyil, həm də istehlakçılara rəqəmsal mühitdə geniş məlumat təqdim edən "Digital Link QR" kodlarının olmasını vacib sayır", – qurumdan qeyd olunub. Bildirilib ki, keçid dövründə məhsullar üzərində həm ənənəvi ştrixkod, həm də 2D kod paralel şəkildə istifadə ediləcək. "Yeni texnologiya sayəsində istehlakçılar məhsulun mənşəyi, istehsal tarixi, sertifikatları, tərkibi, istifadə qaydaları və digər vacib məlumatlara mobil cihaz vasitəsilə rahatlıqla çıxış əldə edəcəklər", – deyə qurum bildirib. Qeyd olunub ki, Digital Link istehsalçılar üçün də mühüm üstünlüklər yaradacaq: məhsulların izlənməsi, təchizat zəncirinin şəffaf idarə olunması, saxtakarlığa qarşı mübarizə və istehlakçı etibarının gücləndirilməsi. "Yaxın illərdə Digital Link texnologiyası beynəlxalq bazarlara, xüsusilə də Avropa bazarına çıxış üçün əsas tələblərdən birinə çevriləcək", – məlumatda vurğulanıb. Geri qayıt |