Əsas Səhifə > Güney Press > Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətləri normallaşdırır
Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətləri normallaşdırırBu gün, 12:05 |
Böyük Britaniya parlamentinin rəsmi saytında Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin Azərbaycan və Ermənistana tətbiq edilən silah embarqosunun ləğvi ilə bağlı yazılı bəyanatı dərc edilib. Bəyanatda deyilib ki, Böyük Britaniya hökuməti Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan irəliləyişləri nəzərə alaraq, hər iki ölkə ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib. Vurğulanıb ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilən üçtərəfli sülh sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh sazişi üzrə ilkin razılıq əldə edilib və birgə bəyanat imzalanıb. Sənəddə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması və Azərbaycan ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi, eyni zamanda Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməsi ilə bağlı razılıq ifadə olunub. Əldə olunan razılaşma Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Ermənistan və Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində ticarət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq gücləndiriləcək. Həmçinin tərəflər arasında illik nazirlər səviyyəsində görüşlərin keçirilməsi planlaşdırılır". Bəyan edilib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri avqustun 24-dən 26-dək hər iki ölkəyə səfər edərək, Böyük Britaniyanın sülh prosesinə dəstəyini bir daha ifadə edib: "Ermənistan və Azərbaycan arasında əldə olunan irəliləyişlər fonunda 1992-ci ildə ATƏT tərəfindən tövsiyə olunan silah embarqosunun tətbiqinə əsas qalmayıb. Bu səbəbdən Böyük Britaniya hər iki ölkəyə qarşı silah embarqosunu tam şəkildə ləğv edib. Silah və hərbi texnika ixracına dair bütün lisenziya müraciətləri fərdi qaydada və mövcud ixrac meyarlarına uyğun olaraq qiymətləndiriləcək. Bu qərar regionda sülhün, təhlükəsizliyin və iqtisadi rifahın möhkəmləndirilməsinə yönəlib və London ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlarla birlikdə Cənubi Qafqazda sabitliyin qorunması üçün əməkdaşlığa hazırdır".
Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı Ermənistanla da yaxşı münasibətlərə sahibdir. Siyasi şərhçi bildirib ki, ona görə London Azərbaycanla yanaşı Ermənistana qarşı da silah embarqosunu ləğv etməyə qərar verib:
"Qərb ölkələrinin uzun illər Azərbaycan və Ermənistana silah satışı qadağası olub. Onlar, o cümlədən London ümid edirdi ki, danışıqlar nəticəsində Azərbaycanla Ermənistan arasında sülh əldə ediləcək. Ancaq Azərbaycan münaqişənin həlliylə məşğul olan Minsk qrupunun fəaliyyətindən narazı idi. Azərbaycanın sülh üçün əsas şərti olan ərazi bütövlüyü təmin edilmirdi. Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq istəmirdi. Bu səbəbdən Azərbaycan öz ordusunu gücləndirdi və tərəfdaş dövlətlərdən aldığı silah və hərbi texnika vasitəsilə 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi. Bundan sonra Azərbaycana qarşı silah embarqosunun tətbiqinin mənası yox idi. Ermənistan Fransa, Rusiya və Hindistandan, Azərbaycan isə Türkiyə və İsraildən silah və hərbi texnika alırdı".
E.Şahinoğlu əlavə edib ki, Azərbaycan və Ermənistan müharibədən sonra da hərbi texnika alışına milyardlarla dollar pul xərcləyirlər. Bu səbəbdən Avropa ölkələrinin hərbi texnika istehsal edən müəssisələrinə qazanc əldə etmək məqsədilə Azərbaycana və Ermənistana silah satmaq icazəsi verildi:
"Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir. Böyük Britaniyanın Azərbaycana və Ermənistana hərbi texnika satışının başqa səbəbi də var. Böyük Britaniya Azərbaycanın və Ermənistanın Rusiyadan hərbi texnika almasını istəmir. Çünki bu halda Azərbaycanın və Ermənistanın Rusiyadan asılılığı arta bilər. Digər tərəfdən Qərb ölkələrinin, o cümlədən Böyük Britaniyanın hərbi texnikası Azərbaycana və Ermənistana Rusiyanın mümkün təhdidindən qorunmağa imkan verəcək. Ukraynanın Rusiyanın ona qarşı işğalçı müharibəyə başlamadan əvvəl müxtəlif çeşidli Qərb istehsalı olan hərbi texnikası və raket sistemləri olsaydı, Kreml qonşu ölkəyə qarşı müharibəyə başlamağa risk etməzdi".
Geri qayıt |