Əsas Səhifə > Güney Press > Məktəbdə döyülən şagirdin atası danışdı

Məktəbdə döyülən şagirdin atası danışdı


Dünən, 16:27

Tərtər rayonunun Seydimli kəndində 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.

Kənd sakini 2008-ci il təvəllüdlü A.İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb. İlkin məlumata görə, A.İsayevin bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və dava edib. Digər şagirdin atası dərs zamanı məktəbə gələrək sinif otağına daxil olub və A. İsayevə yumruqla xəsarət yetirib.

Zərbənin təsirindən məktəblinin burnu qırılıb. Ağır xəsarətlər alan yeniyetmə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ötən gün Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırma davam etdirilir”.

“Cebheinfo.az” döyülən yeniyetmənin atası ilə əlaqə saxlayıb. Ata bildirib ki, uşağı huşu başından çıxana qədər döyüb, sonra da qaçıb:

“Bu hadisəni eşidəndən bəri uşağı həkimlərə aparıram, başımı qaşımağa belə vaxtım yoxdur. Dünən səhər işə gedəndə zəng gəldi ki, uşaqlar dalaşıb, valideyn də gəlib uşağı döyüb. Gəldim ki, uşağı huşu başından çıxana qədər döyüb, sonra da qaçıb”.

Onun sözlərinə görə, övladının səhhətində ciddi problemlər yaranıb:

“Uşağı Mingəçevirdə, Bərdədə müxtəlif xəstəxanalara aparmışam. Həkimlərdə gəzirik. Hazırda uşağın çənə və baş nahiyəsində ciddi narahatlıqlar var. Burnunda və çənəsində yerdəyişmə və qırıqlar aşkarlanıb. Başı MRT olunub, amma nəticələr hələlik çıxmayıb. Kəllə-beyin silkələnməsi var. Onun polis tərəfindən tutulub-tutulmamasından xəbərim yoxdur. Tərtərdə həkim tapa bilmirik”.

Ata hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini, lakin ilkin izahatın alındığını deyib:

“Uşaqlar arasında dava olub, bu qədər. O da gəlib mənim uşağımı döyüb. Hələlik polisə müraciət etməmişəm, amma tədqiqatçı gəlib izahat alıb. Nə yazdığını bilmirəm, çünki başımız qarışıqdır. Yəqin ki, harasa müraciət olunacaq, nə lazımdırsa, ediləcək. Mənim üçün əsas məsələ indi uşağın vəziyyətidir. O məsələlər yəqin ki, ekspertizanın nəticələrinə əsasən müəyyənləşəcək”.

O, qarşı tərəflə aralarında heç bir münaqişənin olmadığını da vurğulayıb:

“Aramızda əvvəldən heç bir münaqişə olmayıb. Tanıdığım adamdır, kənar adam deyil. Uşaqdır, dalaşıb, sənin nə ixtiyarın var ki, gəlib uşağı huşu başından çıxana qədər döyəsən? Valideyninə zəng vurardın, gələrdik, vəziyyəti birlikdə aydınlaşdırardıq”.


Geri qayıt