Əsas Səhifə > Güney Press > Bakının hər yerini tırtıllar basıb
Bakının hər yerini tırtıllar basıbBu gün, 11:01 |
Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Lütfi Zadə küçəsini qurd basıb. Görüntülər sosial şəbəkələrdə də yayılıb. Sakinlərin sözlərinə görə, qurdlar ağaclara, yaşıllıqlara zərər verir, həyətdəki avadanlıqların üzərində gəzişir, hətta mənzillərə də daxil olurlar.
Sosial şəbəkədə yayılan digər məlumata görə, paytaxtın Sabunçu rayonunda da eyni vəziyyətdir. Tırtıllar hər yeri basıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Nərmin Bədəlzadə Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keçirilib və bu qurdların Ağ Amerika kəpənəyinin tırtılları olduğu müəyyən edilib: “Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri aparılır. Qeyd edilən əraziyə də ən qısa zamanda baxış keçirib, tədbir görüləcək”.
Xatırladaq ki, eyni hal ötən il paytaxtın Yasamal rayonu, İsmayıl Talıblı küçəsində də yaşanıb. Orada da sakinlər bildirirdi ki, qurdlar hətta evlərin içərisinə də daxil olur. Əvvəlcə ağaclarda peyda olan qurdlar yarpaqları yeyib-qurtardıqdan sonra evlərə, mənzillərə nüfuz etməyə başlayıb. Həyətdə, eyvanda sərilən paltarların üzərini qurdlar basır. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ötən il həmin ərazidə “Amerika kəpənəyi” ilə mübarizə tədbirləri həyata keçirib. Amma görünən budur ki, zərərverici həşəratlar paytaxtı əsarətləri altına alıblar. Bir ərazidə məhv edilən qurdlar, digər ərazidə peyda olur.
Belə bir vəziyyəti törədən səbəbləri ekoloq-bioloq, biologiya üzrə elmlər namizədi Eldar Şükürovdan soruşduq. Eldar Şükürov Sherg.az-a açıqlamasında qeyd etdi ki, səbəblər çox ola bilər. Əlverişli şəraitin yaranması, “düşmənlərin” azalması, məsələn, bu həşəratlarla qidalanan quşların:
- Bu tırtıllar çoxdan var Azərbaycanda. Digər ölkələrdən də ölkəmizə müxtəlif cür nüfuz edə bilir bu cür həşəratlar, zərərvericilər. Fitosanitar nəzarət tam mümkün deyil. Kömrükdən hər il nə qədər ağac və digər məhsullar ölkəyə idxal olunur. Bu ağac və ya çiçəklər, müxtəlif toxumlarla birlikdə belə kəpənəklərin və digər həşəratların yumurtaları da ölkəyə “ayaq basa bilir”. Belə zərərvericilərlə mübarizə üsulları 2 cürdür: təbii və kimyəvi. Təbii üsul budur ki, onlarla qidalanan quşlar var, məsələn, sərçələr. Sərçələr tırtılları yeyir, bununla da, tırtılların çoxalmasının, yayılmasının qarşısı alınır. Bəlkə də, həmin ərazidə sərçələr azalıb. Bu və bunun səbəbləri də araşdırılmalıdır. İqlim dəyişmələridirmi buna səbəb, yoxsa yaşıllıqların, ağacların azalması. Sərçələrin yaşaması üçün də əlverişli şərait olmalıdır axı. Belə vəziyyətlərdə təbii – bioloji üsul işləmirsə, kimyəvi üsulla mübarizə aparmaq lazım gəlir. Yəni dərmanlamaq. Amma bu üsul effektiv olmaya bilir. Bilirsiniz, bu sahə üzrə monitorinq aparılmalıdır mütəxəssislər tərəfindən. Monitorinqin nəticələrinə görə deyə bilərik ki, son illərdə tırtıl artıb və ya azalıb, sonra onların səbəbləri də aşkarlanmalıdır monitorinq zamanı. Ola bilər, iqlim dəyişmələridir, amma bu, sübut olunmalıdır. Ola bilər mövsümi iqlimdən asılıdır. Ola bilər, doğrudan da, onların düşmənləri – məsələn, sərçələr) azalıb, heç iqlimin təsiri yoxdur. Səbəblər dəqiq araşdırma tələb edir. Bunun üçün də dəqiq ölçmələr, monitorinqlər aparılmalıdır.
E.Şükürov bildirdi ki, ağacların zərərverici qurdlar tərəfindən məhv edilməsi təbiəti, ekologiyanı ciddi şəkildə təhdid edir. Ağaclar qorunmalıdır, onlar təkcə insanlar üçün oksigen mənbəyi deyil, ümumən təbiətdə tarazlığı qoruyan ən böyük vasitələrdən biridir.
Geri qayıt |