Əsas Səhifə > Güney Press > “Övladlarımız sentyabrın 15-dən dərsə gedə bilmir”

“Övladlarımız sentyabrın 15-dən dərsə gedə bilmir”


Bu gün, 10:49

“Övladlarımız sentyabrın 15-dən dərsə gedə bilmir. Buna səbəb Yardımlı rayon Şıxlar kənd M.T.Zamanov adına tam orta məktəbində 10-cu sinfin bağlanmasıdır”.

Bu şikayətlə “Qafqazinfo”ya sözügedən sinifdə təhsil alan şagirdlərin valideynləri müraciət edib.

Onlar bildirib ki, sinifdə 4 nəfər olduğu üçün bu addım atılıb: “4 şagird idilər, bir uşaq da qonşu Gölyeri kəndindən gəlməli idi. Ancaq onun qeydiyyatı gecikdiyi üçün sistemdə 4 nəfər göstərildi. Bu da sinfin bağlanmasına səbəb oldu”.

Valideynlərin sözlərinə görə, şagirdlərə qonşu kənd məktəblərinə getməli olduqları bildirilib: “Məktəbə və müvafiq qurumlara məsələ ilə bağlı müraciət etdik. Lakin bizə “Bu sinif açıla bilməz. Övladlarınızın təhsil alması üçün qonşu kənd məktəblərinə gedə bilərsiniz” cavabını verdilər. Ancaq bu bizə sərf etmir. Nəzərdə tutulan qonşu kənd məktəbləri çox uzaqdır. Bu, həm bizə, həm də uşaqlara çətinlik yaradır. Şagirdlər sentyabrın 15-dən bir dəfə də olsun, dərsə gedə bilməyib. Bu qədər müddətdir təhsilsiz qalıblar. Biz istəyirik ki, sinif tez zamanda bərpa olsun, onların təhsilini davam etdirə bilək”.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun və “Ümumi təhsil haqqında” Qanunlarının müvafiq maddələrinə əsasən yalnız ibtidai və ümumi orta təhsil səviyyələri üzrə məktəblərin azkomplektli formada fəaliyyətinə yol verilir: “Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na əsasən, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin olunmalıdır. Şıxlar kənd məktəbində X sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir.

Sözügedən məsələ ilə bağlı valideynlərlə görüş təşkil olunub və müraciətləri rəsmi olaraq mövcud qaydalar izah edilməklə cavablandırılıb. Şagirdlərin təhsil hüququnun təmin olunması məqsədilə onların qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə edilib”.


Geri qayıt