Əsas Səhifə > Güney Press > İnstitutlar Təhsil Nazirliyinə verildi, bəs AMEA-nın taleyi necə olacaq?

İnstitutlar Təhsil Nazirliyinə verildi, bəs AMEA-nın taleyi necə olacaq?


Bu gün, 10:28

Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş, vaxtilə Milli Elmlər Akademiyasının (AMEA) institutlarının fəaliyyəti optimallaşdırılıb. Bu günlərdə baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb. Optimallaşdırma – yəni ən optimal, ən yaxşı variant Azərbaycan elmi mühitinin əhəmiyyətli irəliləyiş kimi dəyərləndirilə bilər.

Elmi təcrübə universitetlərlə inteqrasiya olunur?

Bu qərar elmi-tədqiqat institutlarını universitetlərlə daha sıx inteqrasiya etmək məqsədi daşıyır, çünki son illərdə beynəlxalq təcrübədə də elmi fəaliyyətin universitetlərdə cəmlənməsi sınaqdan keçirilib. Məqsəd həm elmi nəticələrin tədris prosesinə birbaşa ötürülməsi, həm də gənc tədqiqatçıların yetişdirilməsi üçün vahid mühitin formalaşdırılmasıdır. Bu öz yerində. Bəs yeni idarəetmə modeli yalnız institutların ad və tabeçiliyini deyil, həm də elmi tədqiqatların istiqamətini də dəyişəcəkmi?

Təhsil üzrə ekspert Elçin Rəhimov deyir ki, bu, yeni idarəetmə modelidir.

“Akademiyanın ənənəvi funksiyaları – fundamental elmin təşkili və elmi kadr hazırlığı – artıq qismən universitetlərə ötürülür. Əgər Akademiya elmi koordinasiya və strateji istiqamətlərin müəyyənləşdirilməsi funksiyasını özündə saxlayarsa, deməli arxa plana keçməyəcək. Belə olduqda daha çevik idarəetmə və beynəlxalq əməkdaşlıq imkanları yaranacaq”.

Ən çox müzakirə olunan məsələrdən biri də AMEA-nın gələcək statusudur:

Akademiyanın bəzi institutlarının Elm və Təhsil Nazirliyinə verilməsi onun fəaliyyətinin məhdudlaşdırılmasıdırmı?

Çünki bu, bir tərəfdən elmin “idarəetmə baxımından mərkəzləşdirilməsi” kimi müsbət addım sayılsa da, dəyişikliyi AMEA-nın tarixi funksiyalarının zəifləməsi kimi qiymətləndirənlər də var.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov Bizim.Media-ya açıqlamasında bildirdi ki, Elmlər Akademiyasının hər hansı gələcək struktur dəyişikliyi, yaxud fəaliyyəti ilə bağlı məlumatlı deyil:

“Onu mən hardan bilim ki? Hazırda Akademiyanın fəaliyyətində heç bir dəyişiklik yoxdur. Biz öz işimizi köhnə qayda ilə - necə işləyirdik elə də davam etdiririk”. 


Geri qayıt