Əsas Səhifə > Güney Press > Ermənistan Türkiyədən investisiyalar gözləyir

Ermənistan Türkiyədən investisiyalar gözləyir


Bu gün, 09:28

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Türkiyə ilə münasibətlərdən danışıb. Nazir bildirib ki, Ermənistan Türkiyə investisiyalarına açıqdır. Onun sözlərinə görə, münasibətlər normallaşar və sərhəd açılarsa, Ermənistan Türkiyə investisiyalarını qəbul etməyə hazırdır: "Ermənistan investorları da Türkiyəyə sərmayə qoya bilər, çünki qonşu ölkələrlə iqtisadi əməkdaşlıq olmadan dayanıqlı dövlət qurmaq mümkün deyil. Bir neçə Türkiyə şirkəti, əsasən geyim brendləri 2012-ci ildən Ermənistanda fəaliyyət göstərir".
Türkiyə-Ermənistan münasibətlərini Sherg.az-a təhlil edən politoloq Elçin Xalidbəyli deyib ki, hazırda Ermənistana xarici investisiyalar olduqca vacibdir. Siyasi şərhçinin fikrincə, xüsusilə qonşu ölkələrdən, eləcə də Türkiyədən ola biləcək investisiyalar Ermənistan iqtisadiyyatı üçün yeni maliyyə qaynağına çevrilə bilər: "Paşinyan hakimiyyəti bunu anladığı üçün Türkiyə ilə münasibətlərin mümkün qədər tez zamanda normallaşmasına çalışır. Ancaq Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün xüsusi şərtlər mövcuddur. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, bu əlaqələrin qurulması, sərhədlərin açılması üçün Ermənistan ilk növbədə Azərbaycanla münasibətləri normallaşdırmalıdır. İrəvan-Bakı arasında yekun sülh sazişi imzalanmalıdır. Lakin yekun sazişin imzalanması üçün də mühüm şərt var. O da Ermənistan Konstitusiyasının dəyişdirilərək Azərbaycana qarşı ərazi iddiaları olan müddəaların ləğv olunmasıdır".
 
Analitik qeyd edib ki, hələlik Ermənistan bu şərti yerinə yetirə bilməyib:
"O səbəbdən yekun sülh sazişinin imzalanması gecikir. Buna paralel olaraq da Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi də uzanır. Ümumiyyətlə, bu, zəncirvari bir prosesdir və bu zəncirdə bütün həlqələr yerinə tam şəkildə oturmalıdır. Nəticə etibarı ilə Türkiyə-Ermənistan münasibətləri yalnız Azərbaycanla sülh sazişi imzalandıqdan sonra normallaşa bilər".

Geri qayıt