Əsas Səhifə > Güney Press / Ana xəbər > Boş qalan deputat yerinə seçki keçiriləcəkmi?
Boş qalan deputat yerinə seçki keçiriləcəkmi?Bu gün, 08:52 |
Milli Məclisin deputatı Ramil Həsən mandatının ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Parlament üzvünün deputatlıqdan istefa verməsinin səbəbi onun yeni beynəlxalq vəzifəyə təyin olunması ilə bağlıdır. Belə ki, Ramil Həsən bu ilin iyul ayında Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyada Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş Katibi seçilib. “15 oktyabrdan etibarən TÜRKPA-nın Baş Katibi olaraq vəzifəmin icrasına başlayacağam. Qanuna uyğun şəkildə deputat mandatıma yaxın günlərdə MSK tərəfindən xitam veriləcək. Çünki bu post beş dövlətin parlamentlərini təmsil edən beynəlxalq vəzifədir və başqa bir dövlət orqanında vəzifə daşımaqla birləşdirilə bilməz”, - Ramil Həsən bildirib. Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanında vəzifə tutduqda, parlament üzvlüyündən istefa verməlidir. Deputatın mandatına xitam verilməsi barədə qərarı isə MSK qəbul edir. Komissiya müraciət daxil olduqdan sonra bu məsələni iki ay ərzində araşdırıb qərar çıxarmalıdır. Bununla, Ramil Həsənin deputat mandatına xitam verilməsi qanunla tənzimlənmiş normal prosedur sayılır və MSK-nın qərarından sonra onun təmsil etdiyi dairə rəsmi olaraq boş elan ediləcək. Əsas sual isə budur ki, boşalan deputat yeri necə doldurulacaq? Seçki Məcəlləsinin 176.4-cü maddəsinə əsasən, deputat mandatının boş qalmasından sonra 1 ay müddətində müvafiq seçki dairəsi üzrə yeni seçkilər təyin edilməlidir. Lakin konstitusiyanın 87-ci maddəsində mühüm istisna qeyd olunur: parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az vaxt qalarsa, əlavə seçkilər keçirilmir. Əgər növbəti parlament seçkilərinə az müddət qalıbsa, MSK həmin dairə üçün seçki elan etməyə bilər. Milli Məclisə təkrar seçkilər isə Seçki Məcəlləsinin 172-ci maddəsi ilə müəyyənləşdirilib. Həmin maddəyə əsasən, dairə seçki komissiyası və ya MSK birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayarsa və ya Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq etməzsə, MSK təkrar seçkilər keçirir. Həmçinin deputat qanunvericiliklə ondan tələb olunan sənədləri 60 gün ərzində MSK-ya təqdim etməzsə, MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir. Bununla belə, qanunvericilikdə təkrar seçkilərin təyini üçün hər hansı müddət müəyyənləşdirilməyib. Prezident əlavə seçkiləri 1 ay müddətində təyin etməli olduğu halda, təkrar seçkilərin təyini ilə bağlı belə bir müddət nəzərdə tutulmayıb. “Yeni Müsavat” Geri qayıt |