Əsas Səhifə > Güney Press > Doğrudanmı, biz rusdilli ölkəyik?!
Doğrudanmı, biz rusdilli ölkəyik?!Bu gün, 18:03 |
Rusiya prezidenti Vladimir Putin Azərbaycanı rusdilli ölkə adlandırıb. Bundan əvvəl eyni sözü Qazaxıstan haqqında demişdi.Sosial medianın Azərbaycan seqmenti bu sözdən qıcıqlanıb. Onlardan bəziləri də Putinin bu iddiasının cavabsız qalmasından narazıdır. Bəli, Putinin bu sözü işlətməsinin səbəbi məlumdur; Kremlin işğal alətlərindən biri də rus dilidir. "Azərbaycanda rus qoşunu yoxdur" deyə fəxrlə danışırıq. Ancaq Rusiyanın Azərbaycanda qoşun saxlamağına ehtiyacı yoxdur ki! Azərbaycanda Putinin qoşundan da qorxulu bir ordusu var: rus məktəbləri. Yüzlərlə rus məktəbində minlərlə rusbaşlı yetişdiririk. Öz dövlətimizin büdcəsi hesabına öz millətimizə yad bir zümrə yetişdiririk, sonra da onları dövlət ierarxiyasında yerləşdiririk. Rusiyaya bağlı, Rusiyaya heyran elita formalaşdırmaqda davam edirik. Hələ də ən gəlirli və prestijli vakansiyalara qəbul zamanı əsas şərtlətdən biri rus dilidir. Hələ də evdə, işdə, cəmiyyət içində bir-biri ilə rusca danışan Azərbaycanlıların sayı çoxdur. Hələ də uşaqlarımızı rus məktəblərində oxutmaq üçün basabas salırıq. Sonra da Putinin: "Azərbaycan rusdilli ölkədir" sözünə təəccüblənirik, hətta qəzəblənirik. Sən öz millətinin adını çəkməyə qorxanda, öz dilini aşağılayanda, rusdilliləri hər yerdə yuxarı başa çəkəndə, öz övladını aparıb rus məktəbi vasitəsilə Rusiyaya - Putinizmə peşkəş edəndə, rus şovinizminin əsgərinə çevirəndə, qarşılığında nə gözləyirdin?! Putinə cavab vermək, sosial mediada rus diktatoru "yıxıb-sürümək" çox asandır. Ancaq özümüzün buna nə ilə, necə rəvac verdiyimizi də görməliyik, ancaq görə bilmirik. Bu dəfə sevindik ki, türk dövlətlərinin (türkdilli ölkələrin) prezidentləri Qəbələ sammitində öz dillərində çıxış elədilər. Gör, vəziyyət nə yerdədir ki, biz buna sevindik. Bəs cəmiyyət?! Niyə hələ də bir-birimizlə rusca danışırıq?! Özünüz yaxşı bilirsiniz ki, Rusiyanın, rus kəşfiyyatının əsas hədəflərindən biri həmişə Bakını Azərbaycanın qalan ərazisindən fərqləndirmək olub. "Bakılılar" adlı ayrıca bir "millət" formalaşdırmağa çalışıb Kreml. "Bakılı oğlanlar" komandasına "XX əsrin çempionu" titulu havayı verilməmişdi ki! Bu komanda öz böyük kütlə toplayırdı və Azərbaycanlının təhrif olunmuş obrazını yaradırdı, milləti aşağılamaqla məşğul idi. Rayonlardam gələnlərin guya Bakını korladığı haqda təbliğat aparırdılar. Onlardan biri də Bəhram Bağırzadədir. Yazıçı Çingiz Abdullayev də bu dəstənin bir parçası oldu. Rayon camaatına qarşı təbliğat o qədər irəlilədi ki, hətta hökumətin qərarlarına da yön verməyə başladı. Yadınızda varsa, bir ara rayon avtomobillərini Bakıya buraxmırdılar. Rayon camaatının Bakıya girişinə olaraq "viza rejimi" tətbiq edilmişdi. Yaxşı ki, bunun təhlükəli olduğunu başa düşənlərin müqaviməti nəticə verdi və paytaxta "viza rejimi" ləğv olundu. Bu rejim nə üçün idi?! Bakını fiziki olaraq Azərbaycandan ayırmaq üçün. Bu, məlum prosesin başlanğıcı sayıla bilər. Xoşbəxtlikdən cəmiyyətin özünümüdafiə reflekslərini oyada bildik. Ancaq cəmiyyətdə ruslaşma tendensiyasının qarşısını almaq hələ də mümkün olmur. Putinin niyyəti də məlumdur: o, Azərbaycan dövlətinə mesaj göndərir. "Mənimlə ehtiyatlı olun, Azərbaycan cəmiyyətinin önəmli bir hissəsinin prezidenti hələ də mənəm" demək istəyir. Bu mesajı məhz belə oxumaq lazımdır. İndi biyurun, gedin, övladlarınızı, nəvələrinizi, nəticələrinizi rus məktəblərinə qoyun, sonra da gəlin, çayxanada oturaq, Turan qurmaqla məşğul olaq... Bahəddin Həzi, bizimyol.info
Geri qayıt |