Əsas Səhifə > Güney Press > “Tik-Tok” mübahisəsi qanla bitdi: Gecə evində söhbət edib ayrıldı, 1 saat sonra geri dönüb...
“Tik-Tok” mübahisəsi qanla bitdi: Gecə evində söhbət edib ayrıldı, 1 saat sonra geri dönüb...Bu gün, 11:46 |
Bakıda 1999-cu il təvəllüdlü Azər “Tik-Tok” sosial şəbəkəsində təhqiredici paylaşıma görə tanışı Elçini (adlar şərti verilib – red.) öldürməyə cəhd edib. Teleqraf-ın əldə etdiyi xəbərə görə, Masallı rayon sakini Azər bu il aprelin 28-də zərərçəkmiş şəxsə “WhatsApp” mobil tətbiqindən zəng edib və “Tik-Tok” sosial şəbəkəsində onu təhqir etdiyinə görə məsələni aydınlaşdırmaq üçün görüşmək istədiyini bildirib. O, zərərçəkmiş şəxsin yaşadığı ünvanını öyrənib və saat 22 radələrində onunla Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində görüşüb, birlikdə Biləcəri qəsəbəsində yerləşən evinə gedib. Orada Elçindən hansı səbəbdən təhqirə yol verdiyini soruşub. Elçin onu təhqir etmədiyini deyib, “Tik-Tok” sosial şəbəkəsində olan yazışmanı göstərməsini istəyib. Azər yazışmanı sildiyini deyib. Daha sonra birlikdə yaxınlıqda yerləşən marketə gediblər. Oradan siqaret alaraq zərərçəkmiş şəxsin yaşadığı evin qarşısına qayıdıblar. Azər Elçindən ayrılaraq yaşadığı rayona gedəcəyini deyib. Zərərçəkmiş də öz evinə yollanıb. Ancaq Azər söhbət zamanı zərərçəkmiş şəxsin ondan üzr istəməməsinə görə daim üzərində gəzdirdiyi bıçaqla onu öldürmək qərarına gəlib. Təxminən 1 saat sonra geri qayıdıb. O, aprelin 29-da gecə saat 1 radələrində zərərçəkmiş şəxsin kirayədə yaşadığı mənzilə girib və yataq otağında arxası evin giriş qapısına tərəf paltarlarını soyunan Elçinə yaxınlaşaraq qəflətən kürək tərəfindən zərblər vurub. Elçin özünü müdafiə etmək üçün çevriləndəyenə də çoxsaylı bıçaq xəsarətləri yetirib. Zərərçəkmiş aldığı xəsarətlərin təsirindən döşəmə üzərinə yıxılıb. Azər hərəkətlərini davam etdirərək onun bədəninin müxtəlif nahiyələrinə yenə də zərbələr vurub. Elçinin döşəmə üzərində hərəkətsiz qaldığını, müqavimət göstərmədiyini görüb. Onu öldürdüyünü düşünərək evdən çıxıb. Bundan sonra Azər Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib və törətdiyi cinayət hadisəsi barədə məlumat verib. Zərərçəkənə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Elçini “Tik-Tok” sosial şəbəkəsində tanıyıb: “Sosial şəbəkədə şəklimi paylaşdım, Elçin şəkilimin altından ünvanıma nalayiq ifadələr yazdı. Onunla telefon zəngi vasitəsilə danışdığım zaman qazi olduğumu öyrəndi, ünvanıma nalayiq ifadə işlətmək fikri olmadığını, yazdıqlarının səhvən şəklimin aşağısına düşdüyünü bildirdi. Daha sonra evinin yaxınlığında görüşdük. Birlikdə siqaret alaraq geri döndükdə səhhətimdə problem olduğuna görə məni öz evinə dəvət etdi, taksi ilə evimə göndərəcəyini dedi. Həmin vaxt üzərimdə bıçaq olmayıb”. Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişə iki bıçaq zərbəsi vurduğunu xatırlayır: “Daha sonra polisə zəng etdim. Hadisə vaxtı üzərimdə bıçaq olmayıb. Polis əməkdaşları gələndə maşında oturmuşdum. Təcili tibbi yardıma və polisə özüm zəng etmişəm. 3-4 ay müddətində Maştağada, daha sonra Masallı və Lənkəranda xəstəxanalarda psixoloji vəziyyətimlə bağlı müalicə almışam”. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Geri qayıt |