Əsas Səhifə > Güney Press > "Rus dilini bilmək bizim həm də türk dünyası ilə əlaqələrimizi gücləndirir"

"Rus dilini bilmək bizim həm də türk dünyası ilə əlaqələrimizi gücləndirir"


Bu gün, 13:14

“Putinin işlətdiyi cümlə, əslində, çox maraqlı metaforadır, bədii təsvir vasitəsidir. Bu ifadənin bədiiliyi onun siyasiliyindən irəli gəlir".


Bunu “Yeni Sabah”a Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib.

Söhbət Rusiya prezidentinin Düşənbədə Tacikistana səfərinin yekunlarına dair mətbuat konfransında səsləndirdiyi sözlərdən gedir: "Azərbaycan demək olar ki, rusdilli ölkədir və bu, onun Rusiya ilə münasibətlərin inkişafına sadiqliyini göstərir". Pepperoni pizza

“Sovet hakimiyyəti dağıldıqdan sonra təbii ki, Azərbaycanda rus dilinin nüfuzu birinci mərhələdə xeyli aşağı düşdü. Amma bu, rus dilinin siyasi, ideoloji nüfuzunun aşağı düşməsi idi", - deyə Nizami Cəfərov fikirlərinə davam edib.

O vurğulayıb ki, rus dili Azərbaycana məhz siyasi, ideoloji, adminstrativ təsirlərlə gəlib:

"Doğrudur, o, elmi, intellektual, mədəni sahələri də əhatə edirdi, amma faktiki olaraq, çarizmin istilası ilə gəlib. SSRİ dövründə də həmin irticaçı siyasət davam etdi.

Azərbaycan xalqının həmişə rus dilinə ehtiyacı var. Elm öyrənmək üçün ən yaxın və yaxşı vasitə elə rus dilidir. Bunu vaxtilə Seyid Əzim Şirvani də məsləhət bilmişdi:

Ey oğul, hər lisanə ol rağib,

Xassə ol rus elminə talib.

Onlara ehtiyacımız çoxdur,

Bilməsək dil, əlacımız yoxdur”.

Professor qeyd edib ki, gənclərin əksəriyyəti hazırda rus dilindən çox ingilis dilinə maraq göstərir:

“Son illər Rusiyada elmin, mədəniyyətin səviyyəsinin əvvəlkindən çox-çox aşağı düşməsinə görə rus dilinə olan ehtiyacımız azalıb. Gənclərin əksəriyyəti indi ingilis dilini öyrənirlər. Rus dilinə indiki münasibətimiz nəhəng bir dövlətin imkanlarından gənclərimizin istifadə etməsi üçündür. Ölkəmizin Rusiya ilə iqtisadi münasibətləri, tarixi əlaqələri var.

Rus dilini bilmək bizim həm də türk dünyası ilə əlaqələrimizi gücləndirir. Bu gün rus dili bizə məişət, dolanışıq, pul qazanmaq, ticarət münasibətlərində iştirak etmək üçün lazımdır.

Vladimir Putin rus dilinin nəinki Azərbaycanda, bütün dünyada yayılmasını istəyir. Amma bu dilin yayılma ehtimalları artıq xeyli dərəcədə məhdudlaşıb. Əlbəttə, bu gün Putin də bilir ki, Azərbaycan xalqının rus dilinə olan münasibəti dərin sevgidən irəli gəlmir. Rus dili Azərbaycanda öz nüfuzunu tədricən ingilis dilinə verir. Amma Azərbaycan dilinin öz nüfuzu son dərəcə yüksəlir. Bu, dövlət siyasətimizdir. Bütün başqa dilləri öz ana dilimizdən sonra qiymətləndiririk”.

N.Cəfərov vurğulayıb ki, ənənəvi olaraq, azərbaycanlı gənclərin əksəriyyəti işləmək üçün Rusiyaya üz tutur:

"Bu gün bizim hələ rus dilinə ehtiyacımız var. Bizim orta məktəbi bitirən gənclərimizin böyük bir hissəsi gedib Rusiyada çalışır. Bəzilərinin valideynləri Rusiyada çalışır və rus dilini öyrənib bu ölkəyə gedirlər. Rusiyanı itirə bilmərik. Çünki həm də məsələyə türk dünyası miqyasından baxırıq.

Türklər vaxtilə ərəb və fars dillərini öyrəndilər. Ərəb dünyasını da türklər idarə edirdi, fars dünyasını da. İslamın xəlifəsi türk idi. Yəni bu dilləri öyrənməklə türklər ümumən İslam dünyasına hakim oldular. Bu, türk dünyasının xarakterində bir göstəricidir. Çingiz Aytmatov, Oljas Süleymenov öz əsərlərini rusca yazıb. Onlardan əvvəl Mirzə Fətəli Axundov rus və fars dillərini dərindən öyrənib və bu dillərdə yazıb-yaradıb.

Amma çalışmalıyıq ki, rus dilini ailəmizə gətirməyək. Rus dili bizim intellektual, siyasi dilimiz olsun. İnanmıram rusdilli məktəbləri bağlamaqla nəsə qazanaq”.


Geri qayıt