Əsas Səhifə > Güney Press > “İki aydır yumağa xalça vermişdik, çirkli formada geri qaytardılar”
“İki aydır yumağa xalça vermişdik, çirkli formada geri qaytardılar”Bu gün, 13:03 |
“Avqust ayında xalçaları bu şirkətə verdim ki, yuyulsun. Bir aydan çox keçdikdən sonra hamısını çirkli formada geri qaytardılar”. Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Züleyxa Xəlilova müraciət edib. O iddia edib ki, “Xəmsə xalçayuma” şirkəti xalçaları yumaq əvəzinə, ona ziyan vurub: “Avqustun 28-i 7 ədəd xalçanı adıçəkilən şirkətə verdim, ödənişi də əvvəldən aldılar. Ümumilikdə 47 AZN ödədim, lakin bir aydan çox xəbər çıxmadı. Bu yaxınlarda xalçaların hamısını qapımızın yanına atıb getdiklərini gördüm, hər biri ləkəli idi. Bu şirkət insanları aldadır”. Z.Xəlilova, həmçinin əlavə edib ki, xalça şirkətə təqdim edildikdə üzərində bu qədər çirk olmayıb: “Açanda gördüm ki, içinə zibil yığıblar. Xalçaların sapları qopub, bərbad vəziyyətdədir. Zəng edirəm, telefona cavab vermirlər. Dəymiş ziyanı ödəməlidirlər”. Məsələ ilə bağlı qarşı tərəfə sorğu ünvanlasaq da, günlərdir “Xəmsə xalçayuma”dan müraciətimizə cavab ala bilmədik. Maraqlıdır ki, şirkətin vatsap hesabındakı fotoda belə bir açıqlama yazılıb: “Biz başa düşürük, zəhmət olmasa, siz də anlayış göstərin. Avadanlıqlar elektrikdə yaranan gərginliyə görə sıradan çıxmışdı, indi isə düzəlib. Hər kəsin xalçası maksimum bir həftə ərzində təmiz vəziyyətdə təhvil veriləcək”. Sözügedən açıqlamanın nə zaman hesab fotosuna qoyulduğu isə məlum deyil. Geri qayıt |