Əsas Səhifə > Güney Press > Zəhərlənmələr baş verə bilər

Zəhərlənmələr baş verə bilər


Bu gün, 10:54

“Bu, yolverilməzdir. Burada insan zəhərlənmələri baş verə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son vaxtlar istifadə müddəti bitən, üzərinə yeni istehsal tarixi və yararlılıq müddəti qeyd olunan dərmanlarla bağlı sosial şəbəkələrdə səslənən şikayətlərə cavab olaraq deyib.

Ekspert bu kimi hallarla rastlaşan istehlakçılara çağırış edərək, onlara xəbərdarlıq edib:

“Yararlılıq müddəti keçmiş ərzaq məhsulları, o cümlədən də dərmanların satışı qadağandır. İstehlakçılar bu kimi hallarla qarşılaşdığı zaman dərhal Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməlidirlər. Həmin dərmanı götürüb bizim quruma da gələ bilərlər. Nəticədə araşdırma apararaq həmin dərman preparatının tamamilə yığışdırılması və vətəndaşa dəyən ziyanın ödənilməsini təmin edərik. Əlbəttə ki, bu kimi hallar yolverilməzdir”.

E.Hüseynov qeyd edib ki, burada insanların həyatının təhlükəsizliyindən söhbət gedir:

“Zəhərlənmələr baş verə bilər. İstehlakçılar keyfiyyətsiz dərman aldıqları barədə müntəzəm olaraq bizim quruma məlumat verirlər. Ümumiyyətlə, istehlakçılar bilməlidirlər ki, bir sıra sənaye mallarında yararlılıq müddəti var. Məsələn maşın şinləri, ayaqqabı altlıqlarının yararllılıq müddəti var. Bu mallar hətta işlənməsələr də belə öz-özünə xarab olur, istifadə etmək mümkünsüz olur. O cümlədən də qeyri-ərzaq məhsulları olan dərmanlar. Onların da yararlılıq müddəti var. Belə malların satışı qəti qadağandır”.


Geri qayıt