Əsas Səhifə > Güney Press > “Prokurorluqda oğlanlarımın adını çəkmisən” deyərək tanışını döydü
“Prokurorluqda oğlanlarımın adını çəkmisən” deyərək tanışını döydüBu gün, 10:30 |
Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəmşid Hacılının (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 1500 manat cərimə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə təyin edilən cərimə cəzası yüngülləşdirilərək 1000 manat təyin olunub. İttiham aktına görə, Cəmşid Hacılı 11 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında tanışı, zərərçəkmiş Malik Həsənzadə (adı, soyadı şərtidir) ilə qarşılaşıb. Həmin vaxt təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin barəsində Abşeron Rayon Prokurorluğunda aparılan araşdırma zamanı onun iki oğlunun adını çəkdiyini bəhanə gətirərək, xuliqanlıq hərəkətləri edib. Belə ki, Cəmşid ona ucadan nalayiq ifadələr işlədərək, küçə söyüşləri söyməklə ətrafdakı şəxslərin əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib. Daha sonra o, qəsdən Malikin sifət nahiyəsinə yumruqla zərbə endirərək onun burun sümüyünü sındırıb. Hadisədən sonra Cəmşid Hacılı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Geri qayıt |