Əsas Səhifə > Güney Press > Makron ölkəsini “qaranlıq tunelə” salıb
Makron ölkəsini “qaranlıq tunelə” salıbBu gün, 10:08 |
Fransa Prezidenti Emmanuel Makron hazırda həm siyasi, həm də ictimai dəstəyini demək olar ki, itirmiş, təcrid olunmuş bir lider kimi qiymətləndirilir. Keçmiş Fransa parlament üzvü və Fransa-Azərbaycan Dostları Assosiyasının sədri Jerom Lamberin Teleqraf-a açıqlamasına görə, Makronun yaxın zamanda istefa verməsi mümkündür. Lamber hesab edir ki, prezidentin istefası Fransa siyasi həyatında yeni mərhələnin başlanğıcı ola bilər və dövlət institutlarının işində islahatlar üçün bir fürsət yaradacaq: “Hazırkı böhrandan çıxmaq üçün başqa real yol görünmür, çünki Makronun atacağı hər hansı addım cəmiyyət tərəfindən manipulyasiya və siyasi manevr kimi qiymətləndiriləcək, bu isə vəziyyəti daha da dərinləşdirə bilər”.
Xatırladaq ki, Baş nazir Sebastyan Lekornu oktyabrın 6-da yeni hökumətin elanından sonra istefa ərizəsini Makrona təqdim edib və prezident onun istefasını qəbul edib. Lekornu bu postda yalnız 27 gün qalmışdı. Onun istefasından sonra isə cəmiyyət arasında Makronun da istefa verməsi çağırışları güclənib.
Siyasi ekspert Elçin Xalidbəyli də “Sherg.az”a açıqlamasında hazırda Fransa Prezidenti Makronun siyasi dayaqlarının ciddi şəkildə zəiflədiyini deyib. Onun sözlərinə görə, ölkə daxilindəki vəziyyət kritik həddə çatıb və Makronun rəhbərlik etdiyi siyasi qüvvələr artıq uzun müddətdir ki, ictimai etimadı itirib:
“Makronun qarşısında üç əsas seçim var, yeni baş nazir təyin etmək, parlament seçkilərini yenidən keçirmək və ya istefa vermək. Ən real və yaxın perspektivli variant yeni baş nazirin təyin olunmasıdır. Əgər yeni baş nazir təyin olunması da nəticə verməsə, 2025–2026-cı illərdə Makronun parlamenti buraxmaq və növbədənkənar seçkilərə getmək məcburiyyətində qalması mümkündür. Hazırda Fransada Makronun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı konkret siyasi təşəbbüslər formalaşmaqdadır. Bu, Makronun növbəti prezident seçkilərinədək səlahiyyətlərini itirə biləcəyi ehtimalını gündəmə gətirir və onun üçün son dərəcə həssas bir mərhələnin başlandığını göstərir. Əgər Makron bu siyasi kursu davam etdirərsə, Fransa yaxın gələcəkdə dərin və çoxşaxəli siyasi böhranla qarşı-qarşıya qala bilər. Sözügedən böhran təkcə siyasi deyil, həm də sosial və iqtisadi gərginliklə müşayiət olunacaq. Bu isə genişmiqyaslı etiraz aksiyalarının alovlanması riskini artırır. Xüsusilə, Fransanın müstəmləkə zonalarında Parisə qarşı artan narazılıq və müqavimət də bu böhranın tərkib hissəsi kimi ön plana çıxır. Müstəmləkəçiliyə qarşı formalaşan hərəkatlar daxili narazılıqların coğrafiyasını daha da genişləndirir”.
E.Xalidbəylinin fikrincə, cərəyan edən proseslər fonunda Fransa artıq sürətlə dərin siyasi tənəzzül mərhələsinə qədəm qoyur:
“Ölkənin beynəlxalq nüfuzu xeyli zəifləyib, qlobal siyasi səhnədə təsir imkanları nəzərəçarpacaq dərəcədə azalıb. Bu baxımdan bir çox siyasi dairələr Prezident Makronu Fransanı böhrana sürükləyən lider kimi dəyərləndirir. Əgər yaxın vaxtlarda onun istefası gerçəkləşməzsə, Fransa ən mürəkkəb və gərgin dövrlərindən birini yaşaya bilər. Cəmiyyətdə formalaşan ictimai rəyə əsasən, Makron ölkəni “qaranlıq tunelə” salıb, Fransanın həmin tuneldən çıxmasının yeganə yolu onun hakimiyyətdən tezliklə kənarlaşdırılmasıdır”.
Geri qayıt |