Əsas Səhifə > Güney Press > Həmidə Ömərovaya AKİ-dən böyük hədiyyə

Həmidə Ömərovaya AKİ-dən böyük hədiyyə


Bu gün, 12:40

Xalq artisti, AKİ-nin katibi, ADMİU-nun professoru, Kinoaktyorlar Gildiyasının sədri, aktrisa Həmidə Ömərovanın “ABŞ kino tarixi” iki cildliyi və “Alman kino tarixi” adlı kitabları nəşr olunub.
Moderator.az-a açıqlama verən sənətkar bildirib ki, hər iki kitab dərs vəsaiti kimi nəzərdə tutulub:
“ABŞ kino tarixi”nin 1895-1929-cu illəri əhatə edən I cildində ABŞ kinematoqrafiyasının yaranması, Edvin Porter, Devid Vork Qriffit, Mak Sennet, Çarlz Çaplin və s. kimi Amerika kino tarixində xüsusi yeri olan rejissorlardan, həmçinin, sözügedən ölkənin kinematoqrafiyasındakı vacib mərhələlərdən bəhs edilib. Kitabın 1929-1945-ci illəri əhatə edən II cildində isə Amerika kinosunun səsli mərhələsində iz qoymuş vacib hadisələr, müəlliflər, janrlar, tendensiyalar gözdən keçirilir. Kitablar AKİ-nin dəstəyi, yaxından köməyi ilə nəşr olunub. “Alman kino tarixi” kitabım isə 20 il bundan öncə kirilcə çap olunmuşdu, onu latın əlifbasına çevirmişik və yeni redkatə ilə, bəzi əlavələrlə nəşr etdirmişik. Ümid edirəm ki, bu kitablar Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri üçün maraqlı və çox vacib dərs vəsaiti olacaq” deyə sənətkar bildirib.
Xalq artisti illər öncə sənətkarların həyatı haqda yazdığı ssenaridən də danışıb:
“Çox təəssüf ki, artıq obrazlarını düşünüb yazdığım sənətkarların bir çoxu aramızda yoxdur. Orada xalq artistləri Ramiz Əzizbəyli, Nuriyyə Əhmədovanın da obrazı var idi. Yenə də fikirləşirəm ki, yazım. İndi məndə vaxt yoxdur. Universitetdə dərsim çoxdur, “Görüş”, “Vaxtsız sevgi” seriallarında çəkilirəm. Öz verilişim də var. Bu günlərdə yeni bir layihəyə hazırlaşıram. Təəssüf ki, vaxt azlığından heç nəyə vaxt çatdırmıram. Çox arzularım var, onları həyata keçirə bilmirəm” deyə sənətkar bildirib.

Geri qayıt