Əsas Səhifə > Güney Press > Sülh sazişi layihəsində konstitusiyaya dəyişiklik yoxdur?

Sülh sazişi layihəsində konstitusiyaya dəyişiklik yoxdur?


Bu gün, 11:24

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyanın son açıqlamaları gündəmə çevrilib. XİN rəsmisi BMT Baş Assambleyasının 23-29 sentyabr tarixlərində Nyu-Yorkda keçirilən sessiyası ilə əlaqədar "PassBlue" nəşrinə verdiyi müsahibədə ciddi suallar yaradacaq fikirlər səsləndirib.

Həmin fikirlərdən sitat: “Azərbaycan, ABŞ və Ermənistan arasında 8 avqustda Vaşinqtonda imzalanmış üçtərəfli sazişlərin Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindəki patrul xidmətinə heç bir aidiyyəti yoxdur”.

Badalyandan soruşulub ki, “həmin sazişlər Rusiya hərbçilərinin çıxarılmasını nəzərdə tuturmu?” O, bu suala belə cavab verib: “Bu məsələ Ermənistanla Rusiya arasında imzalanmış ikitərəfli sazişlə tənzimlənir və bizim üzərində işlədiyimiz sülh sazişinə aid deyil”.

Türkiyə ilə siyasi dialoqda irəliləyiş barədə suala cavabında Badalyan qeyd edib ki, danışıqlar yüksək səviyyədə aparılır, tərəflər birgə layihələr hazırlayır, o cümlədən sərhəddəki tarixi körpünün bərpası məsələsini müzakirə edirlər.

“Bizim gözləntilərimizə görə, Ermənistanla Azərbaycan arasında sülh sazişi Türkiyə ilə münasibətlərin normallaşmasına töhfə verəcək. Bu da sərhədlərin açılması deməkdir və bu, bizim üçün çox önəmlidir”, - deyə Badalyan bildirib.

Ermənistanda konstitusiya dəyişikliyinin nəzərdən keçirilib-keçirilməməsi barədə suala cavabında o qeyd edib ki, sülh sazişi layihəsində tərəflərin konstitusiyaları ilə bağlı heç bir müddəa yoxdur. Bununla belə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası hələ 2018-ci ildən konstitusiyaya dəyişikliklərin zəruriliyini bəyan edib.

Ermənistanın XİN rəsmisi bununla nə demək istəyir? Necə yəni sülh sazişi layihəsində erməni konstitusiyasının dəyişdirilməsi məsələsi yoxdur?

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, Bakı ilə İrəvan arasındakı yekun sülh sazişi Ermənistan Konstitusiyasına dəyişiklik və referendumdan keçir: “Ona görə ki, hazırkı konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Bu da böyük və əbədi sülhə maneə yaradan bir nömrəli problemdir. 2026-cı ildə Ermənistan konstitusiyaya dəyişiklik referendumunu keçirməyi və bədnam maddələri ana yasadan çıxarmağı düşünür. Hesab edirəm ki, sülh sazişi imzalandıqdan sonra Azərbaycan və Türkiyənin Ermənistanla sərhədləri açmaqla bağlı hər hansı problemi qalmayacaq. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə Bakı-İrəvan-Ankara arasındakı iqtisadi əlaqələr daha da inkişaf edəcək. Təbii ki, burada qazanan əsas ölkələrdən biri də məhz Ermənistan olacaq. İrəvandakı hakimiyyətin rəsmisi Badalyan deyib ki, 8 avqust razılaşmasında konstitusiya dəyişikliyi ilə bağlı ilkin şərt yoxdur. Bəli, yoxdur. Amma bu, qalib tərəfin - Azərbaycanın məntiqəuyğun şərtidir. Bu tələb də qeyd-şərtsiz yerinə yetirilməlidir. Çünki başqa cür regiona əbədi sülh gəlməyəcək”.

Siyasi analitik Asif Nərimanlının fikrincə, Badalyanın dedikləri daha çox daxili ictimai rəyə hesablanıb: “Çünki Ermənistan hakimiyyəti ən yüksək səviyyədə konstitusiya referendumunun keçiriləcəyini bildirib. Bu da hakimiyyətə qarşı "Bakının tələbini yerinə yetirir" ittihamı yaradır, xüsusilə müxalifət seçkiöncəsi bundan istifadə edir. Ona görə Paşinyan hakimiyyəti məsələni Bakı-İrəvan razılaşması kontekstindən çıxarmağa çalışır. Onun hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan ermənilərlə bağlı dedikləri də seçki gedişi hesab oluna bilər. Çünki bu məsələ də hakimiyyətə qarşı əsas ittiham mövzularındandır və seçki kampaniyasında geniş istifadə olunacaq. Ona görə Paşinyan hakimiyyəti məsələni diqqətdə saxladıqları görüntüsü yaradır".


Geri qayıt