Əsas Səhifə > Güney Press > Türkiyə Rusiyadan qaz almağa məcburdur
Türkiyə Rusiyadan qaz almağa məcburdurDünən, 18:05 |
Türkiyə energetika naziri Alparslan Bayraktar Ankaranın Rusiyadan təbii qaz idxalını davam etdirəcəyini açıqlayıb.
Bayraktar "CNN Turk"ə verdiyi müsahibədə bildirib ABŞ tərəfinin Rusiya enerji daşıyıcılarından imtina etmək barədə çağırışları Türkiyənin enerji siyasətinə təsir göstərməyəcək: “Bizim Rusiya ilə razılaşmamız var və qış yaxınlaşdığı ərəfədə vətəndaşlarımıza deyə bilmərik ki, qaz yoxdur. Türkiyə qazı Rusiya, Azərbaycan və Türkmənistandan alacaq. Rusiyadan Türkiyəyə "Mavi Axın" boru kəməri ilə qaz tədarükünü uzatmaq üçün danışıqlar aparılır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, NATO və Avropa ölkələri Rusiyadan qaz aldığı müddətdə Vaşinqton Moskvaya sanksiya tətbiq etməyəcək.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyənin energetika naziri Alparslan Bayraktarın Rusiyadan qaz idxalını davam etdirmək barədə açıqlaması, əslində, Ankaranın reallıqlara əsaslanan praqmatik siyasətinin göstəricisidir. Ekspertin sözlərinə görə, enerji təhlükəsizliyi məsələsində Türkiyə siyasi təzyiqlərlə deyil, iqtisadi rasionallıqla hərəkət edir:
“Bu, tamamilə normal və gözlənilən bir haldır. Çünki siyasətçilərin bəyanatları çox vaxt reallaşması zəruri olan qərarlar deyil, konkret maraqlara hesablanmış mesajlardır. Bütün maraqların mərkəzində isə kapital dayanır. Kapitalizmin mahiyyəti də bundadır, hər bir dövlət ilk növbədə öz iqtisadi davamlılığını, enerji təminatını və vətəndaşlarının rifahını qorumağa çalışır. Türkiyə 85 milyonluq əhaliyə sahib, dinamik iqtisadiyyata malik, NATO-nun təhlükəsizlik sistemində əsas rolu olan bir ölkədir. Bu dövlətin enerji ehtiyacları ilbəil artır və təbii olaraq, Ankara üçün etibarlı və sərfəli enerji təchizatı kritik məsələdir. ABŞ və Avropa ölkələri Türkiyədən Rusiyaya qarşı sərt mövqe gözləyirlər, lakin unudurlar ki, bu cür qərarların arxasında milyardlarla dollarlıq enerji müqavilələri və uzunmüddətli strateji tərəfdaşlıqlar dayanır.
Avropa ölkələri ÜDM-lərinin 1.7 faizi qədər hərbi xərclərə pul ayırmaq üçün çətinlik çəkərkən, Türkiyə bu göstəricini 5 faizdən də çox səviyyədə saxlayır. Bu da onu göstərir ki, Ankara öz təhlükəsizlik funksiyasını yerinə yetirir, lakin qarşılığında öz müstəqil siyasətini yürütmək haqqını da qoruyur.
Əgər sabah Türkiyə Rusiyadan qaz və neft idxalını dayandırsa, bu, ölkə iqtisadiyyatı üçün 50 milyard dollara qədər kapital itkisi deməkdir. Belə riskli addımı yalnız qarşılığında uzunmüddətli təminatlar və ciddi iqtisadi dəstək alacağı halda atmaq mümkündür”.
İ.Şaban qeyd edib ki, Mərkəzi Asiya dövlətləri hələ də Rusiyadan enerji resurslarını dünya bazarından iki dəfə ucuz qiymətə alır və ya Rusiya vasitəsilə ixrac edir. Belə vəziyyətdə Qərbin, Amerikanın və yaxud da Çinin bu ölkələrdən, “Rusiyadan enerji almayın” tələbi iqtisadi baxımdan reallıqdan uzaq görünür. Eləcə də Türkiyədən:
“ABŞ və Avropa bu ölkələrə enerji marşrutlarını dəyişmək qarşılığında nə təklif edə bilər? Alternativ enerji mənbələri, texnoloji dəstək və ya maliyyə kompensasiyası olmadan bu tələblər praktik deyil. Çünki enerji təhlükəsizliyi məsələsində təhlükəsizlik zəmanəti qədər, qiymət və təminat sabitliyi də mühüm rol oynayır.
Beləliklə, Türkiyənin mövqeyi yalnız iqtisadi məntiqə deyil, həm də regional balans siyasətinə əsaslanır. Ankara bu siyasətlə həm Qərbin, həm də Rusiyanın təzyiqləri arasında öz enerji müstəqilliyini qorumağa çalışır”.
Geri qayıt |