Əsas Səhifə > Güney Press > Bakıdan ev ala bilmək üçün fasiləsiz olaraq 76,6 il ödəniş etmək lazımdır

Bakıdan ev ala bilmək üçün fasiləsiz olaraq 76,6 il ödəniş etmək lazımdır


Dünən, 17:04

Bakı şəhəri üzrə təklif olunan orta ev qiymətlərinin orta aylıq nominal əməkhaqqına (Bakı üzrə) nisbəti 217 ay və ya 18,1 il təşkil edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı “2025-ci ilin I yarımili üzrə Maliyyə Sabitliyi” adlı hesabatda yer alıb.
Qeyd edək ki, Bakı Şəhər Statistika İdarəsinin bu ilin ilk yarısı üçün açıqladığı məlumata görə, paytaxtda orta aylıq nominal əməkhaqqı 1 375,4 manat olub. Bu isə o deməkdir ki, Bakı şəhərində evlərin orta satış qiyməti 298 527 manat təşkil edir (1 375,4 x 217 = 298 526,9 manat).
Hesabatda həmçinin qeyd edilir ki, 2024-cü ildə mənzil qiymətlərinin artım tempi sərəncamda qalan gəlirlərin artım tempini üstələyib. Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə bu ilin ilk yarısında mənzil qiymətləri 13,8%, sərəncamda qalan gəlirlərin artım tempi isə 6,1% olub.
Onu da qeyd edək ki, bu ilin ilk yarısında Azərbaycanda əhalinin sərəncamında qalan orta aylıq gəlir 609,5 manat olub. Bildiyimiz kimi, Azərbaycanda bir insanın həyat fəaliyyətini davam etdirə bilməsi, yəni yaşaya bilməsi üçün ay ərzində minimum 285 manat xərcləməsi lazımdır. Sərəncamda qalan orta aylıq gəlirdən minimum istehlak xərclərini çıxdıqdan sonra vətəndaşın əlində 324,5 manat vəsait qalır.
Açıqlanan rəsmi məlumatdan belə görünür ki, Azərbaycan vətəndaşı paytaxt Bakıdan ev ala bilmək üçün fasiləsiz olaraq 920 ay və ya 76,6 il (298 527 / 324,5 = 920 ay) ödəniş etməlidir. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata görə, Azərbaycanda insanların orta ömür müddəti 76,9 ilə bərabərdir.
Məlumat üçün bildirək ki, ötən il Bakı şəhəri üzrə təklif olunan orta ev qiymətlərinin orta aylıq nominal əməkhaqqına (Bakı üzrə) nisbəti 189 ay və ya 15,7 il təşkil edib. Ötən il paytaxtda orta aylıq nominal əməkhaqqı 1 255,5 manat olduğu üçün Bakı şəhərində evlərin orta satış qiyməti 237 290 manat təşkil edib.


Geri qayıt