Əsas Səhifə > Güney Press > “İşim-gücüm ancaq məhkəməyə gedib-gəlməkdir”

“İşim-gücüm ancaq məhkəməyə gedib-gəlməkdir”


Bu gün, 16:02

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası keçirilib.

Bugünkü prosesdə iş adamını məhkəməlik edən videomaterialla bağlı ekspert rəyi elan olunub. İ.Axundovdan “Proqres 2016” MTK-nın hazırda həbsdə olan rəhbəri Emil Səməndərov şikayət verib. Ekspertlər videoçıxışı təhlil edərək İ.Axundovun sözlərində təhqir əlamətlərinin olduğunu müəyyənləşdirib.

Lakin Şərurlu İsfəndiyarın vəkilləri bu rəylə razılaşmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutundan əlavə ekspert çağırılmasını tələb edib.

Xüsusi ittihamçının vəkili Asim Abbasov etiraz etsə də, hakim vəsatəti təmin edərək, AMEA-dan ekspert gələnədək proses təxirə salınıb.

“Cebheinfo.az”a açıqlamasında Şərurlu İsfəndiyar bildirib ki, hazırda işinin əsas hissəsi məhkəməyə gedib-gəlməkdir.

İş adamı qeyd edib ki, videomaterial üzrə iki ekspert rəy verib, lakin rəylər ziddiyyətlidir:

“Vallah, mənim indi elə işim-gücüm məhkəməyə gedib-gəlməkdir, başqa heç nə. İki ekspert rəy verib, amma ziddiyyətlidir. Biri bir cür, o biri başqa cür deyir. Biri deyir, təhqir əlamətləri yoxdur, biri deyir ki, şübhəlidir. Ona görə də istəyirlər, məsələyə tam nöqtə qoyulsun. Bu səbəbdən əlavə ekspert dəvət olunacaq ki, məsələyə aydınlıq gətirsin”.

İ.Axundovun sözlərinə görə, bu məsələdə ondan böyük zərərçəkən yoxdur:

“Vallah, burada nə olub, nə olacaq, bilmirəm. Burada yaralanan yoxdur, döyülən yoxdur, söyülən yoxdur, vurulan yoxdur. Əsl zərərçəkən elə mənəm. Vaxtımı alırlar. Məndən böyük zərərçəkən yoxdur”.


Geri qayıt