Əsas Səhifə > Güney Press > Paşinyanın bəyanatı regional sabitlik üçün ciddi niyyət göstəricisidir

Paşinyanın bəyanatı regional sabitlik üçün ciddi niyyət göstəricisidir


Bu gün, 15:09

“Ermənistan və Azərbaycan arasında infrastruktur və nəqliyyat marşrutlarının açılması mütləq yaxın gələcəkdə baş tutacaq”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün dağ-mədən sənayesi forumunda çıxışı zamanı bəyan edib.
“Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh və gözlənilən regional infrastruktur və nəqliyyat marşrutlarının açılışının yaxın gələcəkdə baş tutması, xüsusilə mədənçıxarma sektorunda yeni imkanlar açacaq”, - o vurğulayıb.
 
Siyasi şərhçi Əfsanə İbrahimova Sherg.az-a deyib ki, Vaşinqtonda razılaşma imzalandıqdan sonra iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı addımların atılması gözlənən idi:
"Məsələn, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birinə hava yolunu açdılar. Bu, etimad mühitinin yaradılması üçün olduqca mühüm addım idi. Nikol Paşinyanın Ermənistan və Azərbaycan arasında infrastruktur və nəqliyyat marşrutlarının açılacağı ilə bağlı bəyanatı müsbət bir siqnaldır. Bu, həm regionda sabitliyin güclənməsinə, həm də iqtisadi əməkdaşlığın inkişafına ciddi töhfə verə bilər. Xüsusilə mədənçıxarma sektoru kimi strateji sahələrdə əməkdaşlıq yeni investisiya imkanları və iş yerləri yaradaraq hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək. Lakin bu bəyanatlar boşda qalmamalıdır. Yəni konkret işlərin görülməsi vacibdir. Bu cür bəyanatlar real siyasi iradə, güvən mühiti və davamlı dialoq tələb edir. Paşinyanın bəyanatı həm də regionda sülhün və sabitliyin bərqərar olması üçün ciddi niyyətin göstəricisidir. Qarşılıqlı inamın artırılması və məhdudiyyətlərin aradan qaldırılması, hər iki xalq üçün uzunmüddətli rifahın təmin olunmasında əsas şərtdir. Eyni zamanda, iqtisadi əməkdaşlığın genişləndirilməsi, sərhədin açılması və nəqliyyat əlaqələrinin qurulması yalnız siyasi deyil, sosial və mədəni əlaqələrin də inkişafına səbəb olacaq. Bu, gələcəkdə davamlı və dayanıqlı sülhün təməlini qoymaq baxımından önəmlidir".
 
Analitik əlavə edib ki, istənilən halda, sülh müqaviləsinin imzalanması ilə bağlı konkret zaman təxminləri vermək çətindir:
"Çünki proses çox mürəkkəb və dinamikdir. Amma Paşinyanın bəyanatı kimi pozitiv siqnallar prosesin irəlilədiyini göstərir və yaxın gələcəkdə sülhün imzalanması üçün yaxşı zəmin yarana bilər".

Geri qayıt