Əsas Səhifə > Güney Press > “Məsələ ilin sonuna və hətta daha tez həllini tapa bilər”
“Məsələ ilin sonuna və hətta daha tez həllini tapa bilər”Bu gün, 13:09 |
Məlum olduğu kimi, Ermənistan parlamenti növbədənkənar iclasında “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini qəbul edib. Hakim “Vətəndaş Müqaviləsi” fraksiyası tərəfindən hazırlan bəyanatda 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sənədlərdə əks olunan əsas tezislər yer alır. Parlament bu bəyanatla Ermənistan və Azərbaycanın ictimaiyyətini, eləcə də siyasi, ekspert və mədəniyyət dairələrini münaqişəni yenidən qızışdıran diskurs və hərəkətlərdən çəkinməyə çağırır. Bəyanat layihəsini parlamentin növbədənkənar iclasında hakim partiyanın fraksiya rəhbəri Ayk Kondjoryan təqdim edib. O bildirib ki, 8 avqustda Azərbaycan və Ermənistan sülh haqqında bəyannaməni paraflayıb. Milli Məclisin deputatı Tahir Rzayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, indiyə kimi dəfələrlə açıq müzakirələrdə bu məsələ barədə danışılıb: “Həmçinin, mətbuata açıqlamalarımızda da Vaşinqtonda imzalanan bu sənədləri dəstəklədiyimizi bəyan etmişik. Çünki o sənədlər Azərbaycanın milli maraqlarına və mənafeyinə uyğundur. Sözsüz ki, Cənubi Qafqazda sülhün bərqərar olunması Azərbaycanla yanaşı, Ermənistan və digər region dövlətləri üçün çox faydalıdır. Ermənistan parlamentinin Vaşinqtonda imzalanan sənədlərə dəstək verməsi müsbət addım kimi qiymətləndirilməlidir. Bu, təcavüzə son qoyulması, sülh müqaviləsinin bağlanması, qonşuluq münasibətlərinin yaxşılaşdırılması və iki dövlətin sülh şəraitində yaxınlaşması deməkdir”. Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev də dəfələrlə bu barədə danışıb: “Prezident İlham Əliyev hər zaman sülhü dəstəkləyir. Sülhə doğru ilk addımı həmişə Azərbaycan atıb. Dövlətimizin başçısı Vaşinqtondan əvvəl də müxtəlif beynəlxalq tribunalardan bəyan edib ki, Ermənistanla qonşuluq və sülh şəraitində yaşamaq istəyirik. Nəticədə, Vaşinqtonda sülh müqaviləsinin mətni paraflandı. Bu addımın atılması hər iki dövlətin milli maraqlarına uyğundur. Artıq Ermənistan hakimiyyəti və xalqı dərk edir ki, Azərbaycanla müharibəyə getmək olmaz. Bu, Ermənistan üçün faciə olar. Rəsmi İrəvan artıq beynəlxalq aləmdən təcrid olunmaq istəmir”. Deputatın sözlərinə görə, Azərbaycan parlamenti də ilin sonuna qədər anoloji addımı ata bilər: “Bunun üçün ilk növbədə sənəd parlamentə gəlməlidir. Bizim Vaşinqton görüşləri ilə bağlı mövqeyimiz bəllidir. Bu məsələni tez zamanda parlamentin gündəliyinə çıxara və təsdiqləyə bilərik. Düşünürəm ki, məsələ ilin sonuna kimi və hətta daha tez öz həllini tapa bilər”. Geri qayıt |