ABŞ bank sistemində saxlanılan ehtiyatlar 3 trilyon dollardan aşağı düşüb. Yeniavaz.com Federal Ehtiyat Sisteminin (FED) məlumatlarına istinadən xəbər verir ki, oktyabrın 1-də bitən həftədə ehtiyatlar 20,1 milyard dollar azalaraq 2,98 trilyon dollara düşüb. Bu, 2025-ci ilin yanvarından bəri ən aşağı göstəricidir. Ehtiyatların azalması ABŞ Xəzinədarlığının borc tavanı qaldırıldıqdan sonra daha çox istiqraz buraxması ilə bağlıdır. Bu addım bazardan likvidliyin çıxmasına və bankların FED-də saxladığı vəsaitlərin azalmasına səbəb olub. Mütəxəssislər xəbərdarlıq edirlər ki, ehtiyatların azalması maliyyə bazarında qeyri-sabitlik yarada bilər. FED isə 2022-ci ildən balansını kiçiltmək üçün istiqraz satır. Bu proses “kəmiyyət sərtləşməsi” adlanır. İyul ayında FED rəsmiləri bildiriblər ki, bank sistemində minimum ehtiyat 2,7 trilyon dollar olmalıdır. Hazırda ehtiyatlar bu həddə yaxınlaşır. FED sədri Cerom Pauell isə sentyabrda deyib ki, ehtiyatlar hələ də kifayət qədərdir, amma proses gözlənildiyindən daha tez dayana bilər. Onu da qeyd edək ki, bankların FED-də saxladığı vəsait azalanda bazarda dolların mövcudluğu da azalır. Bu, qısa müddətdə dolları bahalaşdıra bilər, çünki tələb yüksək, təklif isə məhdud olur. Eyni zamanda ehtiyatların azalması investorları narahat edir. Onlar dolları təhlükəsiz aktiv kimi almağa meyil göstərirlər. Bu da dolların məzənnəsini gücləndirə bilər.
Geri qayıt
|