Əsas Səhifə > Güney Press > Məhkəmə tanışına 65 min manat “atan” şəxslə bağlı qərar çıxardı

Məhkəmə tanışına 65 min manat “atan” şəxslə bağlı qərar çıxardı


Bu gün, 09:48

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən İslamovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına görə, 2023-cü ilin may ayının son ongünlüyündə təqsirləndirilən Həsən İslamov tanışı, zərərçəkmiş Alim Məmmədovun (adı, soyadı şərtidir) ona zəng edərək digər tanışı ilə görüşüb sonuncudan 65 000 manat məbləğində pulu götürərək göndərməsini xahiş edib. O, bundan istifadə edərək həmin pulu ələ keçirmək qərarına gəlib. Bu məqsədlə təqsirləndirilən şəxs Alimə pulu götürüb çatdıracağı barədə yalan vəd verib, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Meyvəli” bazarın qarşısında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında həmin şəxslə görüşərək ondan 65 000 manat məbləğində pulu almıb.

Daha sonra Həsən həmin pulu Bakı şəhəri, metronun “28 May” stansiyasının yanında gözləyən zərərçəkmiş şəxsə çatdırmalı olduğu halda, verdiyi vədə əməl etməyərək şəxsi məqsədlərinə sərf edib.

Nəticədə təqsirləndirilən şəxs özgənin etibarından sui-istifadə və aldatma yolu ilə külli miqdarda ziyan vuraraq dələduzluq cinayəti törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


Geri qayıt