Əsas Səhifə > Güney Press > İcra Hakimiyyəti 40 min manata xarici ölkələrin bayraqlarını alır

İcra Hakimiyyəti 40 min manata xarici ölkələrin bayraqlarını alır


Bu gün, 12:15

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Günteks” MMC (VÖEN - 0701428371) olub.
Yeniavaz.com
xəbər verir ki, “Günteks” MMC Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sifarişi ilə bu qurum üçün dövlət bayraqları alacaq.
Bildirilir ki, bu bayraqlar xarici ölkə liderlərinin Azərbaycana səfərləri zamanı keçiriləcək qarşılama tədbirləri çərçivəsində Bakı şəhərinin prospekt və küçələrində əvvəlcədən təyin olunan yerlərdə asılması üçün istifadə olunur.
Departament “Günteks” MMC-dən ümumilikdə 1 860 ədəd bayraq alacaq və 39 min 506 manat 40 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, qurum 1 ədəd bayrağı 21 manat 24 qəpiyə satın alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Günteks” MMC 30 yanvar 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Şərur rayonunun Şəhriyar kəndi olan MMC-nin qanuni təmsilçisi Musayeva Günel Arif qızıdır.
“Günteks” MMC dövlət qeydiyyatına alındıqdan 9 ay sonra dövlət qurumlarının keçirdiyi 21 tender müsabiqəsində qalib olub.
Onu da bildirək ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında” 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılıb.


Geri qayıt