Əsas Səhifə > Güney Press > Rusiya yeni müharibəyə tab gətirə bilərimi?
Rusiya yeni müharibəyə tab gətirə bilərimi?Bu gün, 02:40 |
Avropanın Rusiya ilə müharibəyə hazırlaşmaq üçün çox az vaxtı qalıb. İsveçin müdafiə naziri hesab edir ki, Rusiya nə qədər ki “Ukrayna bataqlığında ilişib qalıb”, NATO şimal-şərq sərhədlərini təcili möhkəmləndirməlidir. Nazir Pol Yonson “The Telegraph” qəzetinə müsahibəsində deyib ki, Rusiya ordusu Ukrayna ilə müharibə dövründə döyüşməyi öyrənib, xüsusən pilotsuz texnologiyaların tətbiqində çox şeyi mənimsəyib, onun iqtisadiyyatı isə hərbi şəraitə uyğunlaşdırılıb. Bu, Vladimir Putinə 2–5 il ərzində Skandinaviya-Baltik regionundakı NATO ölkələrinin ərazisinə məhdud miqyaslı müdaxilə etməyə imkan verə bilər. Yonson vurğulayıb ki, Putin “siyasi və hərbi risklərə getməyə” hazır olduğunu göstərdiyi üçün təhdid yalnız Rusiya ilə sərhədləri olan dövlətlərə deyil, bütövlükdə Avropaya aiddir. O, bu sözləri Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) təşkil etdiyi Praqa Müdafiə Sammiti zamanı deyib. Çexiyanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin direktoru Mixal Koudelka da eyni fikirdədir. O, Putinin Avropaya hücum edərək Ukraynadakı kimi mülki insanları öldürməyə hazır olduğunu düşünür. Koudelka Rusiyanı “qəsdən mülki insanlara – qadınlara, uşaqlara, günahsız, müdafiəsiz ukraynalılara – zərbələr endirməkdə” və “amansız qətllər törətməkdə” ittiham edib: “Biz hamımız bir şeyə tam əmin olmalıyıq – ruslar eyni şeyi bizimlə də edəcəklər. Qoy bunda heç bir şübhə olmasın”. Direktor əlavə edib ki, Ukrayna əsgərləri “mümkün rus təcavüzünə hazırlaşmaq üçün bizə vaxt qazandırırlar”. Yonson da bu baxışı bölüşür: “Biz imkanımızda olan pəncərədən istifadə edib Rusiya Ukraynada ilişib qalmışkən NATO-nun şimal cinahını möhkəmləndirməliyik. Bu, həyati əhəmiyyət daşıyır”. Yonson bildirib ki, Rusiya ordusu döyüş meydanında, xüsusən radioelektron mübarizə, uzaq mənzilli zərbələr endirmək və pilotsuz aparatları idarə etmək sahəsində təcrübə qazanır, müdafiə sənayesi isə silah istehsalını fəal şəkildə artırır. Bununla yanaşı, Rusiya Finlandiya və Baltik ölkələri ilə sərhədlərdə hərbi mövcudluğunu gücləndirir, yeni hərbi bazalar tikir, dəmir yollarını təmir edir və yenilərini çəkir, Kalininqrad vilayətini silahla doldurur. Buna cavab olaraq NATO-nun şimal-şərq cinahındakı ölkələr 2025-ci ilin yanvarında Baltik dənizində patrul xidməti və onun kritik infrastrukturunun qorunması üçün “Baltik Qarovulu” (Baltic Sentry) adlı missiya təşkil ediblər. Bu missiya, Finlandiya sahil mühafizəsinə Rusiyanın kölgə donanmasına aid “Eagle S” tankerini saxlayıb məhkəmə qarşısına çıxarmaq imkanı verib. Tankerin kapitanı və iki əməkdaşı Finlandiya körfəzində lövbər vasitəsilə sualtı kabeli zədələməkdə ittiham olunurlar. Finlandiya hakimiyyətinin bildirdiyinə görə, tankerdə həm də casus avadanlığı olub. Lakin “The Telegraph” yazır ki, vəsait çatışmazlığı səbəbindən “Baltik Qarovulu” missiyasının vaxtı azaldıla, patrul gəmilərinin yerini dəniz dronları tuta bilər. IISS-in baş məsləhətçisi Çarli Edvards qəzetə deyib ki, missiyanı qorumaq çox vacibdir. Çünki o, “Avropanın internet və elektrik şəbəkələrinin işini təmin edən sualtı infrastrukturu qoruyaraq, Rusiyanı açıq şəkildə çəkindirir”. Təqaüddə olan diplomat, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil vəziyyəti Pressklub.az-ın xahişi ilə şərh edib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibənin gedişində döyüş üsullarını, xüsusən pilotsuz texnologiyaların tətbiqini inkişaf etdirdiyini etiraf etmək lazımdır. “Rusiya eyni zamanda Finlandiya və Baltikyanı dövlətlərlə sərhəd boyunca hərbi mövcudluğunu gücləndirir. Lakin vacib məqam odur ki, Rusiya Ukraynadakı döyüş meydanında şəxsi heyət, silah və texnikada böyük itkilər verib. Bu, onun silahlı qüvvələrini xeyli zəiflədib və hazırda onlar Ukraynanın müdafiə xəttinə qarşı genişmiqyaslı hücum əməliyyatları aparmaq gücündə deyillər”, – diplomat vurğulayıb. O, Rusiyanın NATO üzvü olan Baltik və ya Şimali Avropa ölkələrinə hücum cəhdinin çox az ehtimal edildiyini bildirir: “Belə addımlar dərhal Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin işə düşməsinə səbəb ola bilər. Bu da Rusiya üçün fəlakətli nəticələrə səbəb olacaq. NATO ölkələri yaxınlarda müdafiə büdcələrini ÜDM-in 5 faizinə çatdırmaq qərarını qəbul ediblər. Bu, onların müdafiə potensialını yaxın illərdə əhəmiyyətli dərəcədə gücləndirəcək və əlavə çəkindirici amil olacaq. Prezident Putinin Ukraynaya qarşı müharibə ilə bağlı bəyan etdiyi məqsədlər fonunda döyüş meydanındakı mövcud vəziyyəti onun özünün və Rusiyanın məğlubiyyəti kimi xarakterizə etmək olar. Bu, rus cəmiyyətinin və iqtisadiyyatının yeni hərbi avantüralara, xüsusən NATO üzvü olan dövlətlərə qarşı silahlı hücuma tab gətirə bilməyəcəyinin göstəricisidir”, – Gil yekunlaşdırıb. Geri qayıt |