Azərbaycanda donor olmaq istəyən şəxslər bu niyyətlərini rəsmi qaydada təsdiqləyə, donor kartı ala bilərlər. Yeniavaz.com xəbər verir ki, ölkədə orqan donasiyası və transplantasiya prosesi Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Orqan Donasiyası və Transplantasiya üzrə Koordinasiya Mərkəzi tərəfindən idarə olunur. Mərkəz donor qeydiyyatını aparır, donor kartlarının verilməsini təmin edir və transplantasiya prosesini koordinasiya edir. Mövzu qanuni əsaslarla da tənzimlənir. “Donasiya və transplantasiya haqqında” qanuna görə, vətəndaşlar sağ ikən donor olmaq üçün yazılı müraciət edə bilirlər. Əgər şəxs sağlığında yazılı şəkildə etiraz etməyibsə, onun vəfatından sonra orqanlarının istifadə olunmasına icazə verilir. Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Yeniavaz.com saytına müsahibə verib. O, bildirib ki, orqan donorluğu insan həyatını xilas edə biləcək ən önəmli qərarlardan biridir: “Ölümünüzdən sonra orqanlarınızı bağışlamaqla bir neçə insana yaşamaq imkanı verə bilərsiniz. Bunun üçün vətəndaşlar ya mərkəzə birbaşa müraciət etməli, ya da www.odtkm.gow.az saytında qeydiyyatdan keçməlidirlər”. Abbasova həmçinin vurğulayıb ki, sağlığında orqan bağışlamaq yalnız könüllü və təmənnasız şəkildə mümkündür. Onun sözlərinə görə, qohum olmayan şəxslərə orqan verilməsi yalnız Etika Komissiyasının müsbət rəyi əsasında icra olunur. “Mütləq şəkildə həkim komissiyası donorun sağlamlıq vəziyyətini yoxlamalıdır. Orqan ticarəti və pul qarşılığında bağışlama isə qəti qadağandır”. Y. Abbasovanın sözlərinə görə, hazırda ölkədə 1000-dən çox insan orqan transplantasiyasına ehtiyac duyur, bundan əlavə, 4642 nəfər dializ müalicəsi alır. “Lakin donorların azlığı səbəbindən bir çox xəstə qeydiyyata düşmür”, - deyə Yeganə Abbasova qeyd edib. O bildirib ki, son üç ildə mərkəzin koordinasiyası ilə 714 əməliyyat həyata keçirilib. “Orqan donorluğu sadəcə tibbi bir prosedur deyil, həyat xilas edən bir missiyadır. Bu qərarla siz bir deyil, bir neçə insanın həyatını xilas edə bilərsiniz”, - müsahibənin sonunda Abbasova cəmiyyətə müraciət edərək vurğulayıb.
Geri qayıt
|