Əsas Səhifə > Güney Press / Partiya > "Ermənistanın xəritələri təqdim etməməsi təəssüf doğurur"
"Ermənistanın xəritələri təqdim etməməsi təəssüf doğurur"Bu gün, 06:20 |
Ermənistanla sülh danışıqlarının müsbət məcrada davam etdiyi bir zamanda Azərbaycan vətəndaşlarının mina terroruna məruz qalması narahatlıq doğurur. Azərbaycan Ordusunun kəşfiyyatçısı, “Xanı” ləqəbli Səyyaf Əhmədovun Ağdamda minaya düşərək həlak olması bir daha göstərdi ki, mina problemi təkcə təhlükəsizlik deyil, eyni zamanda humanitar fəlakət olaraq qalmaqdadır. İrəvan hazırkı sülh prosesi çərçivəsində mina xəritələrini tam şəkildə təqdim edəcəkmi? Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, sülh prosesinin kifayət qədər intensiv müstəvidə aparılmasına baxmayaraq, bəzi sahələrdə hələ də problemlər qalmaqdadır: “Məsələn, mina məsələsi ilə bağlı hələ də tam müsbət addımlar atılmayıb. İşğaldan azad etdiyimiz ərazilərdə aparılan quruculuq işləri və oraya geri dönən əhalinin təhlükəsizliyi üçün minalardan təmizləmə işi həyati əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda verdiyi müsahibələrdə də vurğuladığı kimi, işğal dövründə yerləşdirilmiş minlərlə mina hələ də zərərsizləşdirilməyib. Bu yaxınlarda Azərbaycana səfər etmiş bəzi Avropa İttifaqı rəsmiləri və xarici nümayəndələrin iştirakı ilə keçirilən tədbirlərdə də mina təhlükəsinin nə qədər ciddi problem yaratdığı barədə fikirlər səsləndirildi. Minaların yaratdığı təhlükələr yalnız yerli əhalinin məskunlaşması üçün deyil, o cümlədən, quruculuq işlərinin təhlükəsiz şəraitdə davam etdirilməsinə də əsas maneədir. O səbəbdən Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edir. İlk növbədə minalardan təmizləmə işlərinə beynəlxalq tərəfdaşların cəlb olunması vacibdir ki, quruculuq işləri daha sürətlə və təhlükəsiz şəkildə həyata keçirilsin. Bu istiqamətdə müəyyən addımlar atılır: Avropa İttifaqı ilə danışıqlar nəticəsində Azərbaycan üçün minaların təmizlənməsi məqsədilə 23 milyon avro məbləğində dəstək ayrılması qərarlaşdırılıb”. Deputat bildirib ki, Azərbaycanın əsas tələb və müraciətlərindən biri də Ermənistanın mina xəritələrini təqdim etməsidir: “Bu xəritələrin verilməsi minaların daha düzgün və sürətli təmizlənməsinə imkan yaradacaq. Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirərək xəritələri təqdim etməsi həm də regional etibarın bərpasına töhfə olar və humanitar təhlükəsizliyin təmin olunmasına kömək edər. Minalar uzun müddət ərzində ciddi təhlükə mənbəyi olaraq qalır. Onlar yer dəyişə, eroziya nəticəsində hərəkət edə, beləliklə insanlara və infrastruktur layihələrinə əlavə təhlükə yarada bilər. Azərbaycan artıq minatəmizləmə işləri çərçivəsində yüz minlərlə minanı aşkar edib və partladıb. Lakin hələ də çox sayda mina sahəsi mövcuddur. Buna görə də Ermənistanın xəritələri təqdim etməməsi təəssüf doğurur. Onların təqdim olunması bu faciəvi riskləri xeyli azaltmağa kömək edəcək”. Geri qayıt |