Əsas Səhifə > Güney Press > Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır


Bu gün, 17:44

Xatırladaq ki, bir müddət əvvəl Bizim.Media Qəbələ rayonunun Mirzəbəyli kəndində uzun illərdir qəzalı vəziyyətdə olan körpü ilə bağlı problemi işıqlandırıb. Üzərindən bir ay keçməsinə baxmayaraq, Qəbələ Şəhər İcra Hakimiyyətinə ünvanlanan suallar hələ də cavabsız qalıb. Qəbələ şəhər sakinlərinin isə redaksiyamıza bununla bağlı müraciətləri bitmir.

Maraqlıdır, icra hakimiyyəti insanların həyatına ciddi təhlükə yaradan problemə niyə bu qədər biganə yanaşır?

Məsələ ilə bağlı təkrar Qəbələ Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza reaksiya verilməyib.

Mövzu ilə bağlı Qəbələnin Mirzəbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdulsalam Hüseynovla əlaqə saxladıq. Problemlə tanış olan Abdulsalam Hüseynov suallarımızı cavablandırmaq əvəzinə əməkdaşımızın üzünə telefonu söndürməklə kifayətləndi. Bu isə bir daha göstərir ki, yerli nümayəndələr də İcra Hakimiyyətinin laqeyd mövqeyini təkrarlayır.

Qeyd edək ki, Mirzəbəyli çayı üzərindəki qəzalı körpüdən hər gün yüzlərlə insan istifadə edir. Xüsusilə məktəblilərin təhlükəli körpü ilə hərəkət etməsi valideynləri təşvişə salır. Onlar uşaqlarının həyatına təhlükə gəlməsin deyə övladlarını məktəbə özləri aparmağa məcbur olurlar.

Şikayətçilər bildiriblər ki, indiyədək bir neçə dəfə kənd sakinləri həmin körpüdən çaya yıxılıb. Yağışlı havalarda çayın səviyyəsinin qalxması isə vəziyyəti daha da təhlükəli edir.

Məsələ ilə bağlı suallarımız isə açıq qalır:

İnsanların həyatına real təhlükə yaradan qəzalı körpü ilə bağlı İcra Hakimiyyəti niyə hərəkətə keçmir? İnsanların həyatına niyə biganə yanaşılır?


Geri qayıt