Əsas Səhifə > Güney Press > Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq"

Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq"


Bu gün, 17:59

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrlik etdiyi prosesdə şahid qismində Əhməd Əhmədov ifadə verib.

O bildirib ki, hərbi xidmətə yararsız yazılmaq üçün 22 min manat pul verib.

Şahidin sözlərinə görə, xarici ölkələrdən birində magistr təhsili alıb: "2024-cü ilin noyabrına qədər mənə hərbi komissarlıq tərəfindən möhlət hüququ verilmişdi. May ayında məni hərbi komissarlığa dəvət etdilər. Onlara hələ möhlət hüququmun olduğunu, xaricdə təhsil aldığımı, imtahanlarımın olduğunu desəm də xeyri olmadı. Daha sonra abituriyent vaxtında tanış olduğum Abdullaya müraciət etdim. Onun atası hərbi komissar olub. Birlikdə Xəzər rayon Hərbi Komissarlığında gəldik. Ramin Şükürovla görüşdük. Hətta belimdə və gözümdə olan problemləri də ona dedim. Söhbət əsnasında dedilər ki, vəziyyətə baxacağıq".

Şahid qeyd edib ki, bir müddət sonra onu Sabunçu rayonudakı poliklinikaya dəvət ediblər və tibbi müayinələrdən keçib: "Daha sonra Qobuda Səfərbərlik xidmətinin müayinələridən keçdim. Abdulla 22 min manat pula bu işin həll olunacağını dedi. Mən də 22 min manatı Bilgəh qəsəbəsində ona verdim. O pulu Ramin Şükürova verəcəyini bildirdi. İyun ayında mənə hərbi xidmətə yararsız olan hərbi bilet verdilər".

Daha sonra şahid qismində ifadə verən Araz Məmmədov bildirib ki, Yasamalda kafe işlədib: "Kafeyə səfərbərlik xidmətində işləyən Bəhram Cəlilov gəlirdi. Mənim də ofisiantım Rəhmanın qohumu əsgərlik problemi var. Mən Rəhmandan xahiş etdim ki, uşağı əsgərlikdən saxlamağa kömək eləsin. O, da dedi danışaq. Bir neçə gün sonra gəldi ki, 8 min manat istəyirlər. Dedim ki, imkanları yoxdur. Bir müddət sonra 6 min manat istədi. Biz də razılaşdıq. Pulu Bəhrama mən verdim".

Şahid sorğu-sual zamanı hərbi komissarın kim olduğunu, Bəhram Cəlilovun pulu kimə verdiyi bilmədiyini deyib.

Araz Məmmədovun məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Şahidin həmin ifadəsindən məlum olub ki, bu iş altından sonra ona hamam qonaqlığı verilib: "Həmin qonaqlığa Bəhram gəlməyib. Mən, Fariz və işi düzəldilən oğlan olub. İş həll olunandan sonra hamamda istirahət etmişik".

Növbəti proses oktyabrın 1-də davam edəcək.

İttihama görə, Ramin Şükürovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib.

Onlar çağırışçıların dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə kömək olunması ilə bağlı ondan 30 min manat pul alıb. Eyni əməllərlə çağırışçılar - Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdın 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət alınıb.

Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

İstintaq dövründə Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Daha sonra isə bu ilin sentyabrın 1-də Bakı Hərbi Məhkəməsi tərəfindən Ramin Şükürov ev dustaqlığına buraxılıb.


Geri qayıt