Əsas Səhifə > Güney Press > İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir
İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidirBu gün, 11:49 |
“Bölgədə (Ermənistanla Azərbaycan və Türkiyə arasında - red.) yolların açılmasından sonra Ermənistandan çıxan qatarlar Çinə qədər gedə biləcək”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Ermənistan və Çin arasında strateji tərəfdaşlığın formalaşması barədə danışan baş nazir qeyd edib ki, strateji tərəfdaşlıq o deməkdir ki, ölkələrin biznes sektoru, o cümlədən iqtisadiyyat və digər sahələrdə əməkdaşlığı dərinləşdirməsi üçün müsbət siyasi təkan var: "Bəli, məsafə və nəqliyyat məhdudiyyətləri var, amma ümid etmirəm, əminəm ki, regional kommunikasiyaların (yolların) açılması bu problemlərin əhəmiyyətli hissəsini həll edəcək. Təsəvvür edin: Ermənistanda qatarlara yüklənən yüklər bir də Çində boşaldılacaq, bu, tamam başqa iqtisadi vəziyyətdir və bizim vəzifələrimizdən biri də buna nail olmaqdır".
Ekspertlərə görə, Paşinyan Çinin böyük bazarına çıxış imkanlarını qabardaraq Ermənistan ictimaiyyətinə yeni iqtisadi üfüqlər vəd edir. Vurğulayır ki, Çinlə strateji tərəfdaşlıq Ermənistan üçün böyük bazara çıxış, investisiya cəlbi və infrastruktur layihələrində iştirak imkanı deməkdir. Paşinyan göstərməyə çalışır ki, Ermənistan təkcə regional deyil, qlobal iqtisadi zəncirdə də yer ala bilər. Lakin Ermənistanın hazırkı iqtisadi və infrastruktur vəziyyətini nəzərə alsaq, Paşinyanın dedikləri hələlik daha çox xoş xəyal mahiyyəti daşıyır. Çünki bunun reallaşması üçün ciddi infrastruktur sərmayələri lazımdır.
Millət vəkili Nafiq Həmzəyev Sherg.az-a açıqlamasında bildirib ki, Vaşinqton razılaşmalarından sonra artıq geriyə yol yoxdur və İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir. Deputat vurğulayıb ki, Nikol Paşinyan daxili auditoriyanı perspektivli gələcəyə inandırmağa, eyni zamanda müxalifəti əmin etməyə çalışır ki, onun mövqeyi Ermənistan üçün ən doğru seçimdir:
"Paşinyan Çin səfərindən sonra daha dəqiq anlayır ki, Azərbaycanın nəqliyyat dəhlizinə qoşulmaqla Ermənistanı həm blokadan çıxaracaq, həm də tranzit ölkəyə çevirəcək. Əslində, erməni ictimaiyyəti də görür ki, Ermənistan məhsullarını Rusiyaya daşıyan TIR-lar günlərlə tıxacda qalırlar, çünki alternativ yollar yoxdur. İqlim şəraiti əlverişsiz olanda isə ümumiyyətlə Rusiya ilə əlaqələr kəsilir. Gürcüstan və Qara dəniz vasitəsilə ancaq Avropaya məhsul çıxara bilər. İrana onsuz da erməni malları lazım deyil. Çin bazarına çıxmaq Ermənistan üçün nəfəslik rolunu oynaya bilər ki, bu da ölkədə iqtisadiyyatı canlandırar. Ən optimal çıxış yolu Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə beynəlxalq nəqliyyat marşrutuna qoşulmasıdır".
Parlamentarinin sözlərinə görə, əslində, Paşinyanı sevindirən, ruhlandıran da məhz budur:
"Ermənistan toplumu da reallığı qəbul etməlidir, həm başqa yol yoxdur, həm də Paşinyanın vəd etdikləri ermənilərin özü üçün faydalıdır. O baxımdan Paşinyan atılmış və gələcəkdə atılacaq addımlara indidən bəraət qazandırır ki, o, doğru yoldadır. Məlumdur ki, hazırda Paşinyana qarşı ciddi təzyiqlər var. Baş nazir təzyiqləri xalqın nəzdində neytrallaşdırmaq üçün gələcəyə yönəlik vədlər, sevindirici müjdələr verir".
Geri qayıt |