Əsas Səhifə > Güney Press > Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır?

Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır?


Bu gün, 15:50

Yeni tədris ili başlayıb və şagirdlər müxtəlif dərs vəsaitləri ilə təmin olunub.

Məlumata görə, məktəbəhazırlıq qruplarından tutmuş buraxılış siniflərinə qədər dərs vəsaitlərinin istehsalı 12 milyon 740 min manata başa gəlib.

Məktəbəhazırlıq qrupları üçün “Məktəbə hazırlaşırıq” adlı dərsliyindən Azərbaycan və rus dilində istehsalına 689 min manat vəsait sərf olunub. Eləcə də 1-2-ci siniflər üzrə dərsliklərin istehsalına 3 milyon 275 min manat, 3-4-cü siniflər üzrə dərsliklərin istehsalına 649 min manat, 5-6-cı siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon 726 min manat, 7-9-cü siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon manata yaxın, 10-11-ci siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına isə 1 milyon 400 min manat vəsait sərf olunub.

Həmçinin dövlət peşə təhsili müəssisələri üçün dərsliklərin istehsalı isə 475 min manata başa gəlib. Beləliklə, Elm və Təhsil Nazirliyi qeyd olunan dərsliklərin istehsalı ilə bağlı bir neçə nəşriyyat və poliqrafiya şirkəti ilə ümumi dəyəri 12 milyon 740 min manat olan müqavilələr bağlayıb. Bugünlərdə isə dərsliklərlə bağlı fikir bildirən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, “Azərbaycan tarixi” dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil:

“Düşünürəm ki, bu dəyişməlidir. Bu, mənim fikrimdir. Tarixin önəmi odur ki, bu, mənim keçmişimdir, bu günümdür və gələcək üçün necə addım atacağımı formalaşdırır".

E.Əmrullayev, həmçinin qeyd edib ki, “Biologiya” dərsliyi də beynəlxalq standartlara uyğun deyil:

“Oturub uşaqlara normal dərslik yazmaq lazımdır”.

Ölkədə dərsliklərin hazırlanması qaydası necə həyata keçirilir və həmin dərsliklər ayrı-ayrı şəxslər tərəfindənmi hazırlanır?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası”na əsasən, dövlət ümumi təhsil proqramlarının (kurikulumların) həyata keçirilməsini təmin etmək məqsədilə dərsliklərin tərtibi Elm və Təhsil Nazirliyi tərəfindən sifariş edilir və onlar fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır:

“Belə ki, hazırlanan dərsliklər həmin Qaydada müəyyən edilmiş tələblərə və meyarlara cavab verməlidir. Onu da qeyd edək ki, ümumi təhsil pilləsi üzrə fənlərə dair yeni hazırlanan təhsil proqramları (kurikulumlar) təhsilalanlarda formalaşdırılacaq bilik, bacarıq və səriştələri müəyyənləşdirir.

Misal üçün, təhsil proqramında (kurikulumda) I sinifdə şagirdin tədris ilinin sonunda 20 dairəsində riyazi əməlləri yerinə yetirməli olduğu qeyd olunubsa, o zaman müəllif dərslikdə həmin bacarığı şagirdə mənimsətmək üçün hansı məzmun və qiymətləndirmə materiallarından istifadə edəcəyi barədə qərar verir. Bu baxımdan, dərslik müəllifləri təhsil proqramının (kurikulumun) tələblərini yerinə yetirmək şərti ilə dərsliklər hazırlamalıdır”.


Geri qayıt