Əsas Səhifə > Güney Press > "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir"

"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir"


Bu gün, 15:58

Xəbər verdiyimiz kimi, ötən gecə İsrailin Qəzza zolağına genişmiqyaslı hücumu nəticəsində ən azı 62 nəfər həlak olub. Hücumlar çərçivəsində şəhərin ən hündür, 20 mərtəbəli Əl-Qafri qülləsi dağıdılıb, yüzlərlə ailənin yaşadığı yaşayış evi və ofislər yerlə-yeksan edilib.
“Qəzza alov içindədir” deyə İsrailin xarici işlər naziri İsrael Katz bildirib və hücumlara davam edəcəklərini vurğulayıb:
“Missiyamız tamamlanana qədər nə geri çəkiləcəyik, nə də təzyiqi azaldacağıq”.
Eyni vaxtda Vaşinqtondan İsrailə dəstək mesajları da gəlib. “Axios” portalının məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio İsrail baş naziri Binyamin Netanyahu ilə görüşündə Vaşinqtonun “quru əməliyyatını dəstəklədiyini, lakin onun tez və mümkün qədər qısa müddətdə başa çatmasını gözlədiyini” bildirib.
Prosesləri Bakupost.az -a şərh edən siyasi ekspert Zərdüşt Əlizadə bildirib ki, hazırda İsrail yürütdüyü siyasətin arxasında ABŞ dayanır:
“Amerika dünyanı, öz Konstitusiyasını saymır, beynəlxalq hüququ pozur və İsraili müdafiə edir. Çünki İsrail onun Yaxın Şərqdəki köpəyidir. Ona görə Amerikaya güvənən İsrail soyqırım siyasəti aparır, yerli Fələstin, ərəb xalqını qırır və açıq şəkildə deyir ki, işğal etdiyi torpaqları beynəlxalq hüququn qaydalarına baxmayaraq, ilhaq edəcəm, orada məskunlaşacam. Ərəb dövlətlərinin rəhbərləri isə hamısı satqın, milli qeyrətini pula dəyişən, Amerikanın ağalarının qarşısında diz çökmüş miskin varlıqlardır”.
Z. Əlizadə əlavə edib ki, ABŞ və İsrailə müqavimət göstərən adamlar dərhal terrorçu adlandırılır:
“Hərçənd ki, özləri terrorla məşğuldurlar. İsmayıl Həniyəni Tehranda öldürüb terrorçu adlandırdılar, Qasım Süleymanini isə şəxsən Trampın əmri ilə öldürmüşdülər. Amerika deyir ki, Beynəlxalq Məhkəmə Netanyahunu hərbi cinayətkar adlandırıb, həbsi üçün order verib, mən isə Beynəlxalq Haaqa Məhkəməsini tanımıram, onların hesablarını dondururam. Yəni belə bir dövrdə yaşayırıq. ABŞ və İsrail İkinci Dünya müharibəsindən sonra yaranmış bütün qayda-qanunları, beynəlxalq hüququ tapdalaya-tapdalaya gedir, qalan dövlətlər də onun qarşısında diz çökürlər. Avropa dövlətlərinin başçıları hamısı miskin, şərəf və ləyaqətin nə olduğunu bilməyən varlıqlardır. Bütün dünyaya insan haqları, qanunun aliliyi, müstəqil məhkəmə barədə dərs keçirlər, amma özləri heç birinə hörmət etmirlər. Ona görə də necə ki kommunizm ideologiyası məhv oldu, ind idə dünya miqyasında liberalizm, demokratiya məfhumları o cür məhv olub gedir”.

Geri qayıt