Əsas Səhifə > Güney Press > Azərbaycanda qorxulu reallıq:

Azərbaycanda qorxulu reallıq:


Bu gün, 17:03

Bakıda daha bir ürək parçalayan hadisə yaşanıb. Binəqədi rayonunda mənzildən bir nəfərin meyiti tapılıb. Hadisə Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumat əsasında üzə çıxıb. Qonşular bildiriblər ki, bu kimi hallara tez-tez rast gəlinir və xüsusilə tək yaşayan insanların aqibəti çox vaxt faciə ilə nəticələnir. Maraqlıdır ki, bir çox ölkələrdə belə şəxslər üçün xüsusi xidmətlər – onların həyatına nəzarət edən və izləyən özəl şirkətlər fəaliyyət göstərir, lakin Azərbaycanda hələ belə bir təcrübə mövcud deyil.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan vəkil Sadiq Əfəndiyev deyib ki, bununla bağlı qanunvericilikdə hər hansı normanın olduğundan xəbərsizdir:

“Həmin şəxslərin xüsusi nəzarət altına alınması və qeydiyyata götürülməsi ilə bağlı hər hansı hallarla rastlaşmamışam. Adətən onlar vəfat etdikdən sonra qonşular və ya qohumların məlumatı əsasında aidiyyəti qurumlara xəbər verilir. Bununla bağlı qanunvericilikdə hər hansı norma olduğundan xəbərsizəm. Əsas müraciətlər isə vərəsəlik məsələləri ilə bağlı daxil olur. Ölən şəxsin ölkə daxilində və ya xaricində yaşayan birinci və ikinci dərəcəli qohumları müraciət etdikdə, onların arasında miras bölünür. Əgər birinci dərəcəli qohumlar - həyat yoldaşı və övladlar sağdırsa, miras onlara çatır. Onlar yoxdursa, vərəsəlik hüququ dərəcələr üzrə ikinci, üçüncü və dördüncü dərəcəli qohumlara keçir. Heç bir varis olmadıqda isə əmlak dövlətin hesabına daxil edilir”. 

Vəkil hesab edir ki, Azərbaycanda kimsəsiz insanlar üçün xüsusi qayğı və diqqət göstərən qurumların yaradılmasına ehtiyac var:

“Bu şəxslərin hər biri qeydiyyata alınmalı və dövlət tərəfindən nəzarətləri təmin edilməlidir. Xarici ölkələrdə bu işlə məşğul olan xüsusi orqanlar var. Belə olduqda həmin şəxslərə nəzarət olunur və vəfat etdikdən sonra da problemlər yaranmır. Bizdə isə bəzən elə olur ki, insanın meyiti aylarla sonra aşkarlanır. Bu cür halların qarşısını almaq üçün məsələyə xüsusi diqqət yetirilməlidir”.


Geri qayıt