Əsas Səhifə > Güney Press > Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır

Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır


Bu gün, 13:19

Azərbaycan parlamentində əmək hüquqlarının qorunması sahəsində mühüm yenilik təklif olunur. Deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı bildirib ki, pensiya yaşına 2 il qalmış vətəndaşların işdən çıxarılması işəgötürən tərəfindən qadağan edilməlidir. Onun sözlərinə görə, bu yaşa yaxın şəxslər işdən azad olunduqda yeni iş tapmaqda çətinlik çəkirlər və sosial təminat baxımından risk altında qalırlar. Deputat, həmçinin, Qazaxıstan və bir sıra digər ölkələrdə tətbiq olunan oxşar praktikaya diqqət çəkərək, Azərbaycanda da belə bir qaydanın tətbiqinin məqsədəuyğun olduğunu vurğulayıb.
Komitə sədri Musa Quliyev və Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev də təklifi dəstəkləyərək, qanun layihəsinin hazırlanmasının vacib olduğunu və bunun əmək bazarında ciddi hüquqi boşluqların aradan qaldırılmasına xidmət edəcəyini qeyd ediblər. Bu dəyişiklik, xüsusilə pensiya yaşına yaxın şəxslərin hüquqlarının qorunması və onların sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
 
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında bildirib ki, əmək fəaliyyətinin son mərhələsində işsizliklə üzləşmək, yalnız iqtisadi yox, həm də psixoloji və sosial təcrid riski yaradır. O deyib ki, son illərdə Azərbaycanda bəzi vətəndaşların pensiya yaşına az qalmış bu və ya digər səbəblərdən işsiz qalmaları halları adi bir mənzərəyə çevrilməkdədir:
“Xüsusilə 45–60 yaş aralığında olan şəxslərin tez-tez işdən azad olunmaları, onların yeni iş və məşğuliyyət tapmaqda çətinlik çəkmələri və nəticədə pensiya hüququndan məhrum qalmaları ilə bağlı cəmiyyətin müxtəlif təbəqələrində narahatlıq müşahidə olunur. Belə şəxslərin əmək fəaliyyətlərini davam etdirmələri üçün tələb olunan 25 illik sosial sığorta stajı və ödənişləri bir çox hallarda tamamlanmır. Bu, təkcə fərdi deyil, həm də struktur səviyyəsində ciddi sosial ədalətsizlik yaradan bir problemdir. Düşünürəm ki, bu sahədə hüquqi, institusional və sosial səviyyədə müəyyən addımlar atılmalıdır. İlk növbədə məsələnin hüquqi tənzimlənməsi üçün Əmək Məcəlləsinə “pensiyaya yaxın dövrdə əmək münasibətlərinin qorunması haqqında” yeni norma daxil edilə bilər”.
 
Ə.Nuriyevin fikrincə, pensiya yaşına yaxınlaşan vətəndaşların əmək münasibətlərində müdafiəsi, sadəcə fərdi rifahın deyil, ümumi sosial sabitliyin təminatı baxımından da strateji əhəmiyyət daşıyır:
“Hüquqi mexanizmlərin təkmilləşdirilməsi, yaş diskriminasiyasına qarşı mübarizə və uyğunlaşdırılmış məşğulluq proqramları bu problemi yüngülləşdirə bilər. Əgər yaşlı nəslin hüquqları bu gün qorunmazsa, sabah gənc nəsil də öz gələcəyinə inamla baxa bilməyəcək. Bu səbəbdən məsələ cəmiyyətin bütün təbəqələrinin diqqətini tələb edən mühüm sosial çağırış kimi qiymətləndirilməlidir”.
 
Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı da son vaxtlar bu problemin aktuallaşdığını bildirib:
“Xüsusən özəl şirkətlər, müəssisələr müxtəlif və əsassız bəhanələrlə yaşlıları işdən uzaqlaşdırmağa çalışırlar. Nəticədə pensiya yaşına bir neçə il qalmış həmin şəxslər gənc kadrlarla əvəzlənir. Yaşlı adam isə başqa heç yerdə iş tapa bilmir. Elan saytlarında yerləşdirilən vakansiyalara baxmaq kifayətdir ki, bu prosesin nə yerdə olduğunu anlayaq. Belə ki, maksimum 35-40 yaşa qədər işçilər tələb olunur. Bu baxımdan onların hüquqları ciddi şəkildə pozulur. Şəxs 30-35 il işləyir, pensiya yaşına bir az qalmış gəlirini itirir və sığorta haqqı, iş stajı tamamlanmır. Artıq o, normal deyil, yaşa görə pensiya ala bilir. Bunun qarşısını almaq üçün bir çox ölkələrdə konkret tələblər qoyulur. Məsələn, bəzilərində pensiya yaşına 3-5 il qalmış işlərin vəzifəsindən azad edilməsi qadağandır. Fikrimcə, Azərbaycanda da belə yanaşma olmalıdır”.
Sosioloq bildirib ki, bu, istər fiziki, istərsə də hüquqi şəxslərin işçilərinə şamil edilməlidir: “Dövlət şirkətlərində bu məsələlərə bir qədər fikir verilir. Əmək hüquqları əsasən özəl müəssisələrdə pozulur. Qanunda qəti tələb qoyulmalıdır. Çox ciddi əsaslar olmasa, vətəndaş cinayət törətməsə, müəssisəyə qəsdən ağır zərər vurmasa, pensiya yaşına minimum 3, yaxud 5 il qalmış onların işdən çıxarılması qadağan olunmalıdır. Başqa yolu yoxdur. Çünki kapitalizm dövrü vicdansızdır. Şirkətlər daha çox istismar edə biləcəyi, mümkün qədər enerjili, subay gənclər axtarırlar, beləliklə, yaşlı nəsil ixtisara salınır”.

Geri qayıt