Əsas Səhifə > Güney Press > 907-ci düzəliş birdəfəlik ləğv edilməlidir
907-ci düzəliş birdəfəlik ləğv edilməlidirBu gün, 12:00 |
Prezidentin köməkçisi Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının (Aşağı palata) Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşüb. Görüşlərdə avqustun 8-də Vaşinqtonda keçirilən sammitin strateji əhəmiyyəti, onun Azərbaycan-Amerika münasibətləri və regional sülh üçün müsbət nəticələri vurğulanıb. H.Hacıyev 907-ci maddənin ləğvinin vacibliyini vurğulayıb və parlamentariləri Azərbaycana səfərə dəvət edib.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib. Ağ Ev rəhbəri Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalanıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb. Strateji qərarlardan biri də 907-ci düzəlişin icrasının dayandırılması olub. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığı müdafiə aktı”na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktıdır. Əksəriyyət hesab edir ki, 907-ci bəndin dondurulması Azərbaycan üçün yalnız strateji və siyasi əhəmiyyət daşımır, eyni zamanda iqtisadi aspektdən də vacib hesab olunur. Bu, Azərbaycana ABŞ-dən daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Özəl şirkətlər də aktiv şəkildə sərmayə qoyuluşlarında maraqlı olacaqlar. Bu addım qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq və Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. 907-ci düzəlişin tam ləğvi üçün müəyyən prosedurlar tələb olunur. Düzəlişin ləğvi yalnız ABŞ Konqresinin yeni qanunu ilə həyata keçirilə bilər. Yəni Senat və Nümayəndələr Palatası hər iki tərəfdə eyni məzmunlu ləğv qanununu qəbul etməlidir. Qanun Konqresin hər iki palatasından keçdikdən sonra Prezidentin imzası ilə qüvvəyə minir. Nəzərə alaq ki, ABŞ Konqresində güclü erməni lobbi dairələri mövcuddur. O baxımdan məsələni hüquqi müstəvidə sonlandırmaq ehtimalı olsa da, siyasi aspektdən əngəllər mövcuddur.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, 907-ci düzəliş ABŞ-nin Azərbaycana qarşı ən ədalətsiz qərarlarından biridir. Ekspert vurğulayıb ki, 907-ci düzəliş məhz Azərbaycan ərazilərinin işğal edildiyi dövrə təsadüf edir:
"Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan ərazilərinə təcavüz etdiyi vaxtda, ABŞ Konqresi torpaqları işğal edilməkdə olan Azərbaycana qarşı belə bir Düzəlişi qəbul edib. Bununla da, Azərbaycanla hərbi əməkdaşlıq sahəsində qadağalar qoyub. Bu, tamamilə məntiqsiz, absurd bir addımdır. Beynəlxalq hüquq normaları nəzərə alınmış olsaydı, 907-ci düzəliş, əslində, işğalçı Ermənistana qarşı tətbiq olunmalıydı. Məntiqlə işğalçı tərəfi dayandırmaq üçün addımlar atılmalıydı. Şübhəsiz, belə ədalətsiz bir Düzəlişin qəbulunda ABŞ-dəki erməni diasporunun, ermənipərəst konqresmenlərin xüsusi rolu olub. Təbii ki, sözügedən sənədin hüquqi qüvvəsinin müvəqqəti də olsa dayandırılması böyük əhəmiyyət daşıyır. Lakin Düzəlişin ümumən qalması, tam ləğv olunmaması ədalətsizlikdir".
E.Xalidbəyli qeyd edib ki, sənədin birdəfəlik ləğvi olduqca vacibdir:
"Çətin, mürəkkəb prosedur olsa da, heç bir halda 907-ci düzəlişin ləğvi mümkün olmaya bilməz. Əsas məsələ ABŞ-nin geopolitik maraqlarının buna hansı səviyyədə cavab verməsidir. Digər tərəfdən, indiki situasiyada erməni diasporunun və Konqresdəki ermənipərəst liderlərin prosesə təsirinin hansı səviyyədə olması da önəmlidir. Əgər Tramp administrasiyası Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq istəyirsə, 907-ci düzəlişin də birdəfəlik ləğvi vacibdir".
Geri qayıt |