Əsas Səhifə > Güney Press > Sülh müqaviləsinə sayılı günlər qaldı

Sülh müqaviləsinə sayılı günlər qaldı


Bu gün, 11:52

Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi aktivləşib. Tərəflər arasında artıq bir neçə (təxminən 5) görüş keçirilib. Sərhədlərin tam açılması hələ baş tutmasa da, humanitar məqsədlərlə müvəqqəti açılışlar olub və texniki hazırlıqlar aparılıb. Ermənistan sərhədi açmağa hazır olduğunu açıqlayıb, Türkiyə isə bu prosesi Azərbaycanın maraqları ilə koordinasiyada aparır.
Son günlərdə Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması və regional nəqliyyat dəhlizlərinin gündəmə gəlməsi bu prosesə əlavə imkanlar yaradıb. Yəni sərhədlərin açılması yaxın perspektivdə mümkündür, amma bu, siyasi razılaşmaların davamlılığı və regionda sülhün möhkəmlənməsi ilə birbaşa bağlıdır. Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib ki, İrəvan Türkiyə ilə sərhədlərini açmağa və onunla diplomatik əlaqələr qurmağa hazırdır. Rubinyan bildirib ki, Ermənistan tərəfdən sərhədlərin açılmasına heç bir maneə yoxdur. Onun sözlərinə görə, yaxın günlərdə Türkiyə tərəfi ilə görüş baş tutacaq.
 
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Şərq"ə deyib ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması məsələsi illərdir müzakirə olunur. Alim vurğulayıb ki, Türkiyənin konkret mövqeyi odur ki, Azərbaycanla sülh əldə edilmədiyi müddətcə Ermənistanla birbaşa ikitərəfli münasibət qurulmayacaq:
"Açıq şəkildə bəyan olunmasa da, diplomatik dillə İrəvanın diqqətinə çatdırılıb. Lakin Vaşinqton razılaşmalarından, sülh sənədinin paraflanmasından sonra Türkiyənin də mövqeyində müəyyən yumşalmalar var. Bu da Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin təmasları davam etdirməsi ilə bağlıdır. Rubinyan ilk növbədə sərhədlərin açılmasından danışır, çünki digər məsələlər hələlik arxa plandadır, onlardan söhbət getmir. Sərhədlərin açılması dedikdə Ermənistan tərəfdən "Markara", Türkiyə tərəfdən isə "Əlican" sərhəd qapısının açılması nəzərdə tutulur. Bəllidir ki, Türkiyədə zəlzələ olarkən "Markara-Əlican" sərhəd keçid məntəqəsi qısamüddətli açılmış və Ermənistandan Türkiyəyə yardımlar göndərilmişdi. Hazırda tərəflər həm sərhədlərin açılması, həm də ikitərəfli əlaqələrin qurulması üçün müəyyən hazırlıqlara başlayıblar. Yaxın günlərdə Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında növbəti görüş keçiriləcək və müzakirələr aparılacaq. Azərbaycan və Ermənistan arasında sülh prosesi başa çatmaq üzrədir və yalnız yekun müqavilənin imzalanması qalıb. Aydın görünür ki, yekun sülhün tezliklə imzalanmasında da ciddi problemlər olmayacaq".
 
Q.Çaxmaqlıya görə, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması regionda sülh və sabitliyin bərpa olunması istiqamətində də müəyyən addımların atılması deməkdir:
"Türkiyə bütün imkanları ilə çalışacaq ki, İrəvan hökuməti sülhə və Zəngəzur dəhlizinə hansısa maneə, əngəl törətməsin. Ermənistan bəzi hallarda prosesləri manipulyasiya edir. Ankara bu yöndə İrəvana təzyiq göstərə bilər. Hesab edirəm ki, ilin sonunadək Türkiyə və Ermənistan arasındakı məsələlər, o cümlədən sərhədlərin açılması həllini tapacaq. Ankara bəyan edir ki, artıq Bakı-İrəvan arasında yekun sülhün əldə olunmasına mane olacaq heç nə qalmayıb".

Geri qayıt