Əsas Səhifə > Güney Press > Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladı
Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladıBu gün, 12:47 |
Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bunun qarşılığında Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq imkanı əldə edəcək.
Bu barədə TASS mənbələrə istinadən məlumat yayıb: "Pakistan həqiqətən bunu etməyi və qarşılıqlı addım kimi - Aİİ-yə daxil olmaq məsələsində konsensus əldə etməyi planlaşdırır".
Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər. O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu məsələdə heç bir maneə yaratmadığını da vurğulayıb.
Qeyd edək ki, bundan öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı İshaq Dar Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Danışıqlardan sonra iki ölkənin xarici işlər nazirləri diplomatik əlaqələrin qurulmasına dair kommünike imzalayıblar.
Pakistan və Ermənistan arasındakı diplomatik yaxınlaşmanı şərh edən politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında Vaşinqtonda ABŞ-nin sabiq Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladıqlarını xatırladıb. Politoloqun fikrincə, Ermənistan Konstitusiyasında mövcud olan ərazi iddialarına dair maddə ləğv edilsəydi, həmin gün sülh sazişi də imzalana bilərdi. Ancaq İrəvan hökumətinin indiyə qədər bu dəyişiklikdən yayınması nəticəsində sənəd hələlik yalnız paraflama mərhələsində qaldı:
“Bununla belə, beynəlxalq ekspertlər saziş mətninin paraflanmasını faktiki olaraq sülh sazişinin imzalanması ilə eyni dərəcədə əhəmiyyətli addım kimi qiymətləndirdilər. Hətta Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı təklifi sülh sazişi imzalandıqdan sonra verməyi planlaşdırırdı. Lakin sazişin paraflanmasından dərhal sonra bu addımı atdı. Azərbaycan Prezidenti də prosesdə Donald Trampın iştirakını xüsusi qeyd etdi və bunun sülhün dönməzliyi üçün mühüm zəmin yaratdığını vurğuladı. Bu gün dünya ictimaiyyəti faktiki olaraq Azərbaycanla Ermənistan arasında sülhün əldə olunduğunu qəbul edir”.
Səmədovun sözlərinə görə, Vaşinqton danışıqlarında əldə olunan nəticələrin dalğavari effekti regional münasibətlərdə də hiss olunur:
“Pakistanın Ermənistanla diplomatik dialoqa başlamaq niyyəti də, əslində, bu prosesin tərkib hissəsidir. İslamabad dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində Azərbaycanın maraqlarını nəzərə alacaq. Bu baxımdan Pakistan ilə Ermənistan arasında ilkin siyasi kommünikenin imzalanmasında Bakının razılığı həlledici amildir”.
Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı iddialara gəldikdə isə politoloq bildirib ki, Ermənistanın guya Pakistana bu quruma üzv olmaq üçün dəstək verəcəyi barədə iddialar həqiqətə uyğun deyil: “Aİİ-də həlledici söz sahibi Rusiyadır və Moskva Pakistan kimi nüfuzlu bir dövlətin təşkilata qoşulmasından ancaq məmnun ola bilər. Dolayısı ilə İslamabadın bu təşkilata üzv olmaq üçün Ermənistanın dəstəyinə ehtiyac yoxdur. Əksinə, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük məsələsində İslamabadın razılığı olmadan Ermənistanın bu təşkilata qəbul olunması mümkün deyil. Yəni bu prosesdə üstün mövqedə olan tərəf məhz Pakistandır.
Bir daha qeyd edim ki, Pakistanın Ermənistanla dialoqa maraq göstərməsinin başlıca səbəbi Azərbaycanla Ermənistan arasında sülhün real görünməsidir. İslamabad hesab edir ki, tərəflər arasında artıq ciddi maneə yoxdur və münasibətlərin bərpası regionda sabitliyə töhfə verəcək. Bu addımda hər hansı gizli geosiyasi xətt axtarmağa ehtiyac yoxdur. Çünki Pakistanla Azərbaycan dost və qardaş ölkələrdir, bütün strateji məsələlərdə bir-birinin mövqeyini dəstəkləyirlər. Pakistanın Ermənistanla danışıqlara başlamaq qərarı da Bakının maraqlarına zidd deyil və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir”.
Geri qayıt |