Əsas Səhifə > Güney Press > Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi...
Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi...Bu gün, 11:37 |
Qeyri-rəsmi məlumatlara görə, Bakıda və Bakıətrafı ərazilərdə 500 minə yaxın sənədsiz ev var. Bu evlərdə yaşayan insanlar 20 ildən çoxdur ki, sənədləşmə probleminin həllini gözləyirlər. Zaman-zaman deputatlar, məmurlar da bu problemi dilə gətirirlər. Lakin indiyə qədər problem həllini tapmayıb. Məsələ burasındadır ki, həmin torpaq sahələlərini vətəndaşlar bələdiyyələrdən rəsmi qaydada sənədlə alıblar. Müxtəlif dövlət orqanlarının nümayəndələrinin gözləri önündə orada tikinti aparılıb. Tikilən evlərdə kommunal xidmətlər – qaz, su, elektrik enerjisindən istifadə olunur və buna görə pul ödənilir. Evlərin mülkiyyətə dair çıxarışları olmasa da, onların bir çoxunda mülk sahiblərinin qeydiyyatı var.Son dövrlərdə həmin evlərlə bağlı məhkəmələrdə çoxsaylı iddialar qaldırılaraq, onların sökülməsi tələb olunur. İddiaçılar isə müxtəlif neft şirkətləridir. Baxmayaraq ki, vaxtilə həmin torpaq sahələrini vətəndaşlara satanlar bələdiyyələr olub, neft şirkətləri iddia edir ki, sözügedən ərazilər onlara məxsusdur. Yəni hansısa neft şirkətinə icarəyə verilmiş ərazinin hüquqlarında özbaşına tikinti aparılıb. İddia olunur ki, bu tikililər ərazidə neft-qaz əməliyyatlarının həyata keçirməsinə ciddi maneə yaradır və s. Bu cür evlərin sökülməsi tələbi ilə qaldırılmış iddialar nəhkəmələr tərəfindən təmin olunur. Belə evlər əsasən, Binəqədi, Sulutəpə, “20-ci sahə”, Biləcəri, Suraxanı və s. ərazilərdə yerləşdiyinə görə, həmin işlərə də ərazi aidiyyəti üzrə əsasən Binəqədi, Suraxanı, Səbail və s. məhkəmələrdə baxılır. Son iki il ərzində yüzlərlə söküntü barədə qərar çıxarılıb. Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Qoşqarlı insanların uzun illər yaşadığı evin sökülməsilə bağlı verdiyi qərarı belə əsaslandırır: “Yaşayış evlərinin sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Bununla belə insan üçün onun həyat, yaşamaq, sağlamlıq hüququ daha önəmli hüquqlardır. Həyat, yaşamaq yoxdursa, digər hüquqlar, o cümlədən mülkiyyət hüququ da öz əhəmiyyətini itirir”. Bizimyol.info Redaksiyadan: Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) bu durumla bağlı presedent qərarı var. Türkiyə vətəndaşı Eren Yıldızın şikayətinə əsasən AİHM kommunal abunəlikləri əsas götürərək vətəndaşın mülkiyyət hüququnu tanıyıb və Türkiyə hökuməti kompensasiya ödəməyə məcbur olub. Azərbaycan AİHM-in yurisdiksiyasını qəbul etdiyinə görə, bu presedentə əməl etməlidir və bu nümunə Azərbaycan qanunlarından üstündür. Çünki sonunda iş AİHM-ə gedərsə, hansı qərarın veriləcəyi bəllidir, o üzdən də iş AİHM-ə getmədən Azərbaycan məhkəmələri presedenti əsas götürməlidirlər. Amma bizim məhkəmələrdə bunu etmək üçün ya savad çatışmır, ya müstəqillik, ya da cəsarət... Geri qayıt |