Əsas Səhifə > Güney Press > Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq

Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq


Bu gün, 10:56

Türkiyədə müharibə ehtimalına qarşı tədbir məqsədilə sığınacaqların tikiləcəyi bildirilir. Məlumata görə, ölkə üzrə vətəndaşların ehtimal hücumlardan müdafiəsi üçün bunkerlər inşa ediləcək.

Bu addımın İranın Təl-Əvivə hücumu zamanı xalqın sığınacaqlarda gizlənməsi və çox insana zərər dəyməməsindən sonra qərarlaşdırıldığı bildirilir. Bəzi yerli analitiklər isə qərarı gələcəkdə İsraillə müharibəyə hazırlıq kimi dəyərləndirirlər.

Türkiyə bu addımın əsas səbəbi nədir və nə üçün zəruridir? Azərbaycanda da belə bir təşəbbüsə ehtiyac varmı?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, təqribən iki həftə əvvəl Türkiyənin Milli Kəşfiyyat Akademiyası İsrail ilə İran arasında baş vermiş 12 günlük müharibəyə dair hesabatında hökumətə erkən xəbərdarlıq sistemlərinin yaradılması və insanların sıx məskunlaşdığı bölgələrdə sığınacaqların qurulmasını tövsiyə edib:

“Hətta bu məsələnin hökumətin iclasında müzakirəyə çıxarıldığına dair məlumatlar da var. Onu da qeyd edim ki, Türkiyədə sığınacaq ehtiyacına dair müvafiq qaydalar uzun müddətdir mövcuddur. Hələ 1987-ci ildə qüvvəyə minmiş Sığınacaq Qanununa görə, müəyyən ölçüdə olan binalarda sığınacaqların tikilməsi məcburi göstərilmişdi. Lakin keçən dövr ərzində bu tələblərə böyük ölçüdə laqeyd yanaşılıb. Əksər çoxmənzilli binalarda sığınacaq üçün ayrılmış sahələr ya avtodayanacaq, ya da anbar kimi istifadə olunub. Hazırda sığınacaqların tikilməsi ilə bağlı fəaliyyətə start verilib-verilmədiyi dəqiq məlum olmasa da, belə yerlərin mövcudluğu təbii ki, zəruridir.

Söhbət İsraillə müharibəyə hazırlıqdan getmir. Hazırda iki ölkənin qarşılıqlı şəkildə hücum ehtimalı və ya hər hansı bir toqquşma riski yoxdur. Əgər qeyri-adi bir vəziyyət meydana çıxar və belə bir toqquşma qaçılmaz olarsa, bu, nə İsrailin, nə də Türkiyənin ərazisində baş verməyəcək. Belə bir qarşıdurma Suriya ərazisi və ya başqa bir bölgədə reallaşa bilər. O zaman tərəflər birbaşa qarşıdurmadan çox, üçüncü qüvvələr vasitəsilə mübarizə aparma taktikasına üstünlük verəcəklər. Məsələn, İsrail, aktiv şəkildə dəstəklədiyi PYD/YPG və digər qruplar vasitəsilə müəyyən addımlar atacaq.

Ümumiyyətlə, dünyada baş verən hadisələr, münaqişə və müharibə ocaqlarının genişlənməsi, Türkiyənin sərhədlərindəki vəziyyət, İranın İsrail və ABŞ-la uzunmüddətli müharibə ehtimalı Ankaranı, eləcə də Bakını istənilən situasiyaya hazır olmağa məcbur edir. Hər bir ölkə öz vətəndaşlarının müharibə, təbii fəlakət və xüsusilə də nüvə sızıntısı kimi fövqəladə vəziyyətlərdə təhlükəsizliyini təmin etmək üçün müvafiq sığınacaqların yaradılmasına önəm verməlidir. Xüsusilə də nüvə dövlətlərinin bir-birini təhdid etdiyi bir dövrdə bu məsələ son dərəcə vacibdir”.


Geri qayıt