Əsas Səhifə > Güney Press > Alverçilərin BAZARI ÖLDÜ

Alverçilərin BAZARI ÖLDÜ


Dünən, 18:27

“Heç kim 2000-ci illərin əvvəllərində istehsal olunmuş avtomobilə 20-25 min manat vermək istəmir”.

Bunu Yenicag.az-a açıqlamasında avtobloger Tural Yusifov (DJ Tural) deyib.

O, xaricdən Azərbaycana gətirilən elektrik və hibrid avtomobillər üçün nəzərdə tutulan gömrük güzəştlərinin müddətinin uzadılması və bunun avtomobil bazarına təsirindən danışıb.

T. Yusifov bildirib ki, hibrid və elektrik avtomobillərinə şamil olunan güzəştlər Yol Hərəkəti Təhlükəsizliyinə dair dövlət proqramı çərçivəsində qəbul edilmiş məsələ idi, indi isə bizi maraqlandıran əsas sual güzəştlərin müddətinin uzadılacağı ilə bağlıdır:

“Mənə elə gəlir ki, uzadılacaq. Çünki hələ də avtomobil parkımız köhnə olaraq qalır. Bu güzəştlərin sayəsində bazara müəyyən qədər yeni avtomobillər daxil oldu və avtomobil parkı bir qədər genişləndi. Amma hələ də 70-75% avtomobillər köhnədir. Onları yeniləmək üçün ilk növbədə yeni avtomobillərin gətirilməsinə və əlçatanlığa şərait yaradılmalıdır. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin artırılması ilə bağlı güzəştlər yəqin ki, davam edəcək”.

Onun sözlərinə görə, köhnə avtomobillərin satılmaması məsələsinə gəldikdə isə azad bazar iqtisadiyyatı tələb və təklif çərçivəsində irəliləyir:

“İnsanlar 25-30 min manat pul verirsə, daha funksional və müasir avtomobil almaq istəyirlər. Heç kim 2000-ci illərin əvvəllərində istehsal olunmuş avtomobilə 20-25 min manat vermək istəmir. Çin istehsalı avtomobillərin üstünlüyü də buradadır”.

“Digər tərəfdən, təhlükəsizlik məsələsi var. Köhnə avtomobillərin təhlükəsizlik standartları yüksək deyil. Buna görə də istər gömrük tariflərində dəyişiklik olsun, istərsə də olmasın, yeni avtomobillər ölkəyə daxil olacaq və bazarda rəqabət yaradacaqlar. Kim köhnə avtomobil satmaq istəyirsə, bazarın tələbini nəzərə almalıdır. İnsanlar daha çox yeni və təhlükəsiz avtomobil almaq istəyir və imkan daxilində bunu edəcəklər”, – deyə o, fikirlərini tamamlayıb.


Geri qayıt