Bu sözləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Max" hesabında yazıb. O vurğulayıb ki, ölkədəki problemlərin səbəbi məhz Emmanuel Makronun özüdür.
"Fransa Prezidenti başqa dövlətlərin daxili işlərinə qarışaraq, Avropa İttifaqında şəxsi hakimiyyət uğrunda mübarizə apararaq vətəndaşların etibarını itirib, öz boşboğazlığı və səriştəsizliyi ucbatından ölkəsini bütün sahələrdə böhran vəziyyətinə salıb. Parisin dövlət borcu 3,4 trilyon avroya çatıb. Bu, ümumi daxili məhsulun (ÜDM) təqribən 114%-i deməkdir", – V.Volodin bildirib.
Sədr diqqətə çatdırıb ki, Fransada sənaye istehsalı günbəgün azaldığı üçün ölkə iqtisadiyyatı artıq durğunluq mərhələsindədir:
"Emmanuel Makron cəmiyyətdə populyar rəqiblərini seçki hüquqlarından məhrum qoymaqla onları üstələməyə çalışır. Halbuki bu cür addımlar da nəticəsiz qalır. Hər halda, o, partiyaların impiçment petisiyasına baxmayaraq, istənilən vasitə ilə hakimiyyəti öz əlində saxlamağa çalışacaq".
Xatırladaq ki, dünən Fransa Milli Assambleyası Baş nazir Fransua Bayrunun mübahisəli çıxışının ardınca hökumət əleyhinə səs verib. Deputatlar Fransa Prezidentinin Nazirlər Kabineti ilə birlikdə istefasını istəyirlər.
Ümumiyyətlə, Milli Assambleya son 9 ay ərzində hökumətə qarşı iki dəfə etimadsızlıq səsverməsi keçirib.
"Nəzərə alsaq ki, Fransa tarixində üç dəfə bu cür hal baş verib, onlardan ikisinin Emmanuel Makronun hakimiyyəti dövrünə düşməsi daha bir antirekorddur", - Vyaçeslav Volodin yazıb.
AzVision.az