Əsas Səhifə > Güney Press > Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı?

Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı?


Bu gün, 12:03

Bir neçə ildən sonra sentyabrın 6-da “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Təbriz-Bakı istiqamətində birbaşa reys həyata keçirib.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial media hesabında qeyd edib ki, bu, Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşıb. Ə.Əlizadə məlumat verib ki, ilkin mərhələdə Bakı-Təbriz reysi həftədə iki dəfə icra ediləcək:

“Bundan əlavə, şənbə günündən etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə də AZAL-ın uçuşları bərpa olunub. Bu isə iki ölkə arasında hava nəqliyyatının tam şəkildə yenidən fəaliyyətə başlamasına imkan yaradacaq”.

Musavat.com xatırladır ki, 2023-cü ildə yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olduqdan, terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olduqdan və iki nəfər yaralandıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyi İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini tövsiyə etmişdi.

Ötən dövr ərzində isə 2024-cü ilin avqust ayında Yaxın Şərqdə sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq İsrail, Fələstin və Livana səyahətlə bağlı xəbərdarlıq edilmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, sonuncu dəfə səyahət xəbərdarlığı İsrail və İran ilə bağlı verilib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə vurğulayıb ki, sözügedən xəbərdarlıqlar vəziyyətlə əlaqədar idi:

“Vəziyyət dəyişdiyi üçün hazırda məhdudiyyət olan ölkə yoxdur”.


Geri qayıt