Əsas Səhifə > Güney Press > Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır

Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır


Bu gün, 11:20

Türkiyə-Ermənistan münasibətlərində daha bir mühüm mərhələ başlayır. İki ölkənin nümayəndələri ilk dəfə heyətlərarası görüş üçün bir araya gələcək. Səfir Serdar Kılıçın rəhbərlik etdiyi heyətinin Alican sərhəd-keçid məntəqəsindən Ermənistana keçəcəyi deyilir. İlk dəfə keçiriləcək heyətlərarası görüşdə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşdırılması üçün bəzi qərarların qəbul olunması və daha əvvəl qəbul edilmiş qərarların icraya qoyulması gündəmdə olacaq.
Xatırladaq ki, ötən müddətdə aparılmış 5 ayrı görüşdə yük daşımaları və hava uçuşlarının başlanması, sərhədlərin açılması üçün texniki və infrastruktur işlərinin həyata keçirilməsi barədə qərarlar qəbul edilmişdi. Diplomatik pasport daşıyan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi ilə yanaşı, üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan sərhədindən keçməsinə icazə verilməsi məsələsində də razılıq əldə edilmişdi. Lakin bu qərar hələ həyata keçirilməyib. Rəsmi İrəvan da Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin gözlənilən görüşü ilə bağlı məlumatı rəsmən təsdiqləyib: "Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ruben Rubinyan və Serdar Kılıç arasında görüş planlaşdırılır". Qeyd olunub ki, gözlənilən görüşün ABŞ-Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı müqavilənin imzalanmasının ardından baş tutması mühüm əhəmiyyət kəsb edir.
 
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a deyib ki, Vaşinqtonda paraflanan sülh sazişi Ermənistan Baş naziri Nikol Paşinyana daxili siyasətdə yeni impulslar verib. Alimin sözlərinə görə, erməni xalqı da əslində Ermənistan ətrafındakı geosiyasi vəziyyətin nə qədər qəliz olduğunun fərqinə varmaqdadır:
"Saxta "erməni soyqırımı", Kilsə və revanşistlərin təbliğatı, erməni diasporunun himayəsində olan qruplar Ermənistana ancaq fəlakət ssenarisi vəd edir. Erməni toplumu Paşinyanın Ermənistan üçün "xilas modeli" olduğunu yaxşı bilir. Düzdür, hazırkı rəy sorğularına görə, Paşinyanı dəstəkləyənlərlə yanaşı, müxtəlif səbəblərdən onu istəməyənlərin sayı da kifayət qədərdir. Amma sülh sazişinin imzalanmasından sonra Azərbaycanla birgə layihələrin həyata keçirilməsi, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, Türkiyə ilə sərhədlərin açılması və s. hadisələr Ermənistanı təcrid vəziyyətindən çıxaracaq və əhalinin rifahını yaxşılaşdıracaq. Dəhlizlərin, yolların keçdiyi bölgələrdə iqtisadi, mədəni canlanma baş verəcək. Bu da ermənilərin yanaşmasını dəyişəcək. Eyni zamanda onminlərlə erməni hazırkı şəraitdə qeyri-leqal yollarla Türkiyədə çörəkpulu qazanır. Türkiyədə də ciddi sayda erməni əhalisi yaşamaqdadır və Ermənistanla əlaqələri mövcuddur".
 
T.Nüsrətoğlu diqqətə çatdırıb ki, Ermənistan xalqı aydın şəkildə dərk etmək məcburiyyətindədir ki, Türkiyə və Azərbaycanla normallaşma olmadan Ermənistanın mövcudluğu sual altında olacaq:
"Türkiyənin Yaxın Şərqdə, Balkanlarda, Türküstanda, Qafqazda rolu, hərbi gücü, təsir imkanları artmaqdadır. Qlobal sistemdə balanslaşdırıcı güc rolunda çıxış edir. Paşinyan, o cümlədən erməni əhalisi Türkiyə ilə normallaşmanın ölkə üçün əvəzsiz faydalarının fərqindədir. Müəyyən dairələr, erməni şovinistləri, revanşistlər daim türk düşmənçiliyini körükləyirlər. Çalışırlar ki, erməni xalqında qorxu yaratsınlar. Guya Türkiyə Ermənistanı ələ keçirəcək, nəzarəti altına alacaq və s. Ona görə də İrəvan hökuməti ilk növbədə bu uydurma təbliğata qarşı əks-təbliğat aparmalıdır. Erməni toplumuna reallıqlar izah olunmalıdır. Ermənilər tarix boyu ən çox türklərin hakimiyyətləri dövründə bu coğrafiyada öz dillərini, dinlərini, varlıqlarını qoruyub saxlaya biliblər. Ancaq nə vaxt imperialist dövlətlər meydana çıxdı, Osmanlıda bir zamanlar "millət-i sadiqa" (sadiq millət - red) erməni toplumu imperialist dairələrin oyunlarına aldandı, onların proksi qüvvəsinə çevrildi, terrorun parçası halına gəldi. Nəticədə ermənilərin fəlakətli dönəmi başladı və bundan heç nə qazanmadılar. Ermənilərin ağıllı kəsimi, o cümlədən Paşinyan bunu anlayır. Baş nazir unudulmuş tarixi həqiqətləri ortaya çıxarır və saxta "soyrıqımı" məsələsinin uydurma olduğunu vurğulayır. Paşinyan qondarma "soyqırımı" məsələsinin məhz Türkiyəyə qarşı kənar güclərin əlində vasitə olduğunu qeyd etdi. Hətta bu yaxınlarda İsrail Baş naziri B.Netanyahu "ermənilərə qarşı soyqırımı olduğunu və onu tanıdığını" bəyan etmişdi. Ardınca Paşinyan açıqlama verdi ki, bəzi dairələr İrəvanın Ankara ilə münasibətlərinə saxta tarix üzərindən müdaxilə etməyə çalışmasınlar. Bildirdi ki, ermənilərin bu yalan məsələdən heç bir qazancı olmayıb, əksinə, daim itirib. Dolayısı ilə Paşinyan bu məsələdə sağlam düşüncəni təmsil edir".
 
Siyasi şərhçi əlavə edib ki, N.Paşinyan praqmatik bir siyasətçidir:
"Baş nazir Ermənistanın qarşısında duran təhlükələrin nədən ibarət olduğunu görür. Cənubi Qafqazda tam fərqli geosiyasi reallıqlar yaranıb və Paşinyan istəsə də, istəməsə də bunu qəbul etmək məcburiyyətindədir. Ermənistan demoqrafik olaraq boşalır, iqtisadi, hərbi vəziyyəti çox acınacaqlı durumdadır. Belə bir ölkə Azərbaycanla, Türkiyə ilə uzunmüddətli konfrantasiyaya gedə bilməz. Azərbaycan Ermənistanla müqayisə olunmayacaq gücdür. Paşinyanın iki yolu var. Ya əvvəlki kimi hansısa güclərin əlində Azərbaycana, Türkiyəyə qarşı proksi güc olaraq qalacaq, nəticədə öz dövlətçiliklərinin süqutu təhlükəsi ilə üzləşəcəklər. Ya da mövcud reallıqları qəbul edərək Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalı, regional əməkdaşlığa qoşulmalıdır. Başqa alternativ yoxdur. Göründüyü kimi, Paşinyanın əsas hədəflərindən biri Türkiyə və Azərbaycanla normallaşmanı sürətləndirmək, sərhədlərin açılmasına nail olmaqdır".

Geri qayıt