Əsas Səhifə > Güney Press > Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir?

Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir?


Bu gün, 15:04

Ermənistanda siyasi meydan seçkilər ərəfəsində yenidən qurulur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli müxalif qüvvələr seçkilərdə olduqca iddialı olduqlarını bəyan edirlər.

Qarşıdakı seçkilər kifayət qədər maraqlı olacaq, çünki aydın görünür ki, siyasi meydanın “köhnə oyunçuları” ilə yanaşı, yeni qüvvələr də iştirak ərizəsi verəcəklər. Onlardan bəzilərinin isə seçki baryerini keçmək üçün real şansları var.

Bu gün “Gallup” sonuncu sorğunun nəticələrini açıqlayıb. Vətəndaşlara yalnız bir sual verilib: seçkilər bu bazar günü keçirilsəydi, hansı siyasi qüvvəyə səs verərdiniz?

Sorğuya görə, respondentlərin 17,3%-i “Vətəndaş sazişi” partiyasına, 13,4%-i hələ formalaşma mərhələsində olan Samvel Karapetyanın partiyasına, 6,4%-i “Ermənistan” blokuna, 3,8%-i siyasi meydanın köhnə oyunçusu olan “Çiçəklənən Ermənistan” partiyasına, 3,4%-i isə Ermənistan Respublika Partiyasına səs verəcəyini bildirib.

Bundan əlavə, hazırda respondentlərin 2,5%-i həbsdə olan Vardan Qukasyanın “DOK” partiyasına, 1,1%-i Aram Sarkisyanın “Anrapetutun” partiyasına, 1,1%-i isə ARF “Daşnaksutyun”a səs verməyə hazırdır.

Aydındır ki, seçkilərə qədər hələ çox şey dəyişəcək, amma əsas favoritlər artıq bu gün bəllidir: Nikol Paşinyanın, Samvel Karapetyanın, Robert Köçəryanın, Qaqik Tsarukyanın və Serj Sarkisyanın rəhbərlik etdiyi qüvvələr gələcək parlamentdə təmsil olunmaq şansına malikdirlər. Bu faiz nisbətlərinin qorunub saxlanılması və ya dəyişməsi isə artıq həmin qüvvələrin yaxın aylarda hansı təkliflərlə, hansı kadrlarla və ideyalarla ictimaiyyət qarşısına çıxmalarından asılı olacaq. Uzun müddətdir dərin apatiya içində olan, nə müxalifətə, nə də iqtidara inanan, amma yenə də seçkilərə gedəcək cəmiyyətə hansı həll yollarını təqdim edəcəkləri həlledici olacaq.

Serj Sarkisyanın Ermənistan Respublika Partiyasına gəlincə, son mətbuat konfransında sədr müavini Armen Aşotyan hələ seçkilər barədə danışmağın tez olduğunu bildirib. Amma məlum olub ki, revnaşistlər ilin sonuna qədər qurultay keçirəcək və bəlkə də öz qərarını açıqlayacaq.

“Ermənistan” blokuna gəlincə, burada da aydınlıq yoxdur. Çünki “Daşnaksütyun”un bloka davam edib-etməyəcəyi, yaxud ayrıca seçkiyə qatılıb-qatılmayacağı hələ bəlli deyil. Əgər ayrılarsa, bu dəfə Köçəryan üçün hansı siyasi qüvvənin əsas platforma olacağı sual altındadır.


Geri qayıt