AzVision.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvana belə mesaj ünvanlayıb.
“Amma onlar həm də başa düşürlər ki, o zaman Ermənistan üçün tarif rejimi fərqli olacaq. Belədə bizim ölkələrimiz arasında malların sərbəst hərəkəti və rüsumsuz ticarət olmayacaq”, - rusiyalı məmur deyib.
Onun sözlərinə görə, bu, Ermənistandakı istehsalçılara, xüsusən də kənd təsərrüfatı sektoruna kifayət qədər ağır zərbə vura bilər. Çünki, onların məhsullarına Rusiyada tələbat var. Ermənistanı əhatə edən bütün ölkələrin üzüm, ərik və ya digər meyvə və tərəvəzlərlə bağlı heç bir problemi yoxdur. Həmin ölkələrin özündə bunların hamısı var. Bu baxımdan, Rusiya Ermənistan üçün premium bazardır.
- Mən hələ Ermənistan bazarının Avropa İttifaqının (Aİ) malları ilə dolacağından danışmıram ki, bu da erməni biznesinin inkişafı üçün az şans saxlayacaq. Görünür, onlar bu amilləri də dəyərləndirməli olacaqlar və yəqin ki, qiymətləndirəcəklər də”, - Overçuk vurğulayıb.
O qeyd edib ki, Ermənistan Aİ-yə daxil olarsa, hazırda Aİ ilə Rusiya arasında səmanın bağlı olması fonunda hava nəqliyyatı sahəsində və sərhədyanı yükdaşımalarda problemlər yarana bilər. Ermənistanın Moskvanın müttəfiqi kimi bu gün Rusiyadan aldığı enerji və ərzaq məhsullarının qiymətləri də artıq fərqli olacaq.
Eyni zamanda, Ermənistan həm də ən yaxın qonşusu İranla azad ticarət zonasının faydalarını itirəcək. Bu kontekstdə çoxlu nəticələr ola bilər ki, onları da başa düşmək və qiymətləndirmək lazımdır. Bu, xüsusilə sadə insanlar üçün çox pis ssenaridir. Moskva isə bunu istəmir və ona görə də bu barədə İrəvanla açıq danışır.
“Təbii ki, Ermənistan Aİ-dən nə isə alacaq. Bunun üçün bəzi yeni bazarlar açılacaq, bəzi yeni marşrutlar yaranacaq. Bütün bunları ölçməli, tərəziyə qoymalı olacaqlar. Sonda Ermənistan xalqı qərar verəcək. Bu onların seçimidir”, - Aleksey Overçuk pis ssenariyə görə seçim məsuliyyətini erməni xalqının üzərinə qoyub.