Əsas Səhifə > Güney Press > Rusiyanın Azərbaycandan üzr istəməməsinin
Rusiyanın Azərbaycandan üzr istəməməsininBu gün, 16:26 |
Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qroznı səmasında vurulmasından 9 aydan artıq ötüb. Buna baxmayaraq, Rusiya tərəfi baş vermiş cinayət əməlinə görə Azərbaycan tərəfindən üzr istəməyib və dəymiş zərərin aradan qaldırılması üçün kompensasiya ödənilməsi öhdəliyini yerinə yetirməyib. Əksinə, Rusiya rəsmiləri manipulyasiya xarakterli müxtəlif mövzuları qabartmaqla Azərbaycanın tələblərindən yayınmağa çalışırlar. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi AZAL-a təyyarə üçün guya 1 milyard 3 milyon rubl sığorta ödənişi edildiyi, həmçinin qəza nəticəsində həlak olan və yaralanan sərnişinlərin ailələrinə ümumilikdə 358,4 milyon rubl vəsaitin ödənildiyini bildirib. XİN-in məlumatına görə, Rusiya vətəndaşlarından 15 nəfərdən 7-si üzrə, Azərbaycan vətəndaşlarından 38 nəfərdən 35-i üzrə, Qırğızıstan vətəndaşlarından 3 nəfər üzrə, Qazaxıstan vətəndaşlarından isə 6 nəfərdən yalnız 1-i üzrə ödənişlər həyata keçirilib. Bu baxımdan, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması Rusiya tərəfinin məsələni ört-basdır etmək cəhdlərinə qarşı tutarlı arqument sayılmalıdır. XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə yaydığı məlumatın ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığını bildirib. Ayxan Hacızadə bildirib ki, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil. Göründüyü kimi, rəsmi Moskva sığorta ödənişlərinin həyata keçirilməsi barədə məlumat yaymaqla diqqəti kompensasiya məsələsindən yayındırmağa çalışır. Halbuki, Rusiya həm təyyarənin məhv edilməsinə, həm də sərnişinlərin həyatını itirməsinə görə Azərbaycana kompensasiya ödəməlidir. Eyni zamanda, rəsmi Bakı Rusiyanın Azərbaycandan sərnişin təyyarəsinin vurulmasına görə üzr istəməsini və cinayətdə əli olan şəxslərin cəzalandırılmasını tələb edir. Lakin Rusiya bu şərtləri yerinə yetirməməklə hüquqi və siyasi məsuliyyətdən yayınmağa çalışır. Yəni rəsmi Moskva hesab edir ki, Azərbaycan tərəfinə təzminat ödəməklə və dövlət səviyyəsində üzr istəməklə sərnişin təyyarəsinin Rusiya ərazisində öz hərbçiləri tərəfindən vurulduğunu etiraf etmiş olar. Nəticədə, Rusiyanın hava məkanının təhlükəsiz olması sual altına düşəcək. Bu isə dünyada mülki aviasiya sahəsində Rusiya şirkətlərinə ciddi problemlər yarada bilər. Ona görə də Rusiya törətdiyi cinayətləri kompensasiya ödəməməklə, üzr istəməməklə gizlətməyə çalışır. Ancaq Rusiyanın təyyarə terroru ilə məşğul olduğu dünyada hər kəsə yaxşı məlumdur. 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk şəhərində “Tu-154” təyyarəsinin şübhəli qəzaya uğraması nəticəsundə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinski, Baş Qərargahın rəisi Frantişek Qonqor, eks-prezident Rişard Kaçorovski, digər siyasətçilər, generallar və ictimai xadimlər daxil olmaqla, 132 nəfər həlak olub. 2014-cü il iyulun 17-də “Malaysia Airlines” şirkətinə məxsus “Boeing 777” təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində Rusiya tərəfindən vurulması nəticəsində 298 nəfər həyatını itirib. 2023-cü il avqustun 24-də Rusiyanın Tver vilayətində “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinə məxsus “Embrair” biznes-jetin müəmmalı şəkildə qəzaya uğraması Putinə qarşı qiyam qaldıran oliqarx generalın ölümünə səbəb oldu. Rusiya tərəfi bu terror aktlarına görə heç kimi məsuliyyətə cəlb etməyib və kompensasiya ödəməyib. Çünki həmin cinayətlərin baş verməsində Rusiyanın rəsmi orqanlarının birbaşa iştirakı olub. 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsini Rusiya Silhalı Qüvvələrinin 14-cü ordunun mobil ehtiyat qüvvələrinə daxil olan 80-ci zenit-raket alayının 1-ci divizionunda xidmət edən (hərbi hissə №75564) 274 saylı döyüş maşınını idarə edən Dmitri Paladçuk “Pantsir S” raketi ilə vurub. Paladçuka bu əmri isə Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə 4-cü qvardiya ordusunun 51-ci hava hücumundan müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilo verib. Rusiya Azərbaycandan dövlət səviyyəsində üzr istəməklə və kompensasiya ödəməklə hər iki hərbçini cinayət məsuliyyətinə cəlb etməlidir. Lakin Rusiya Azərbaycanın tələblərini yerinə yetirməkdən boyun qaçıqrmaqla, həm də Tolopilonu və Paladçuku gizlətməyə çalışır. Müşfiq Abdulla Geri qayıt |