Əsas Səhifə > Güney Press > Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır

Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır


Bu gün, 16:09

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. 10 gün sonra Azərbaycan universitetləri öz qapılarını yeni tələbə adını qazanmış şəxslərə açacaq. Bu dövrdə tələbə yataqxanaları ilə bağlı məsələ bir daha gündəmə gəlir. Bu gün Azərbaycanda tələbələrin üzləşdiyi çətinliklərdən biri də yataqxana məsələsidir. Paytaxt ərazisində onlarla universitet və ali təhsil müəssisəsi fəaliyyət göstərsə də, tələbə yataqxanalarının sayı kifayət qədər deyil. Bu çatışmazlıq xüsusilə bölgələrdən təhsil almaq üçün Bakıya gələn gənclər üçün ciddi çətinliklər yaradır. Mövcud yataqxanaların məhdudluğu səbəbindən minlərlə tələbə kirayə mənzillərə üz tutmağa məcbur olurlar.

İqtisadiyyat.az tələbə yataqxanaları ilə bağlı mövcud vəziyyəti öyrənmək üçün bir sıra ali təhsil müəssisələri ilə əlaqə saxlayıb.

Bakı Dövlət Universitetindən bildirilib ki, ali məktəbin 220 nəfərlik tələbə evi fəaliyyət göstərir. Qeyd edilib ki, buraya əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. olan tələbələr qəbul edilir. Qiymətlərə gəlincə isə bildirilib ki, tələbə evində bir nəfər üçün aylıq ödəniş 75 manatdır. Məlumatda o da vurğulanıb ki, həmçinin yeni yataqxananın tikilməsi ilə bağlı dövlət - özəl əməkdaşlığı çərçivəsində müzakirələr aparılır.

Azərbaycan Tibb Universitetindən bildirilib ki, bu təhsil müəssisəsinin ümumilikdə 4 yataqxanası fəaliyyət göstərir, onlardan birində (5 saylı yataqxana) əcnəbi vətəndaşlar yerləşdirilir, qalan binalar yerli tələbələr üçün nəzərdə tutulub. Qeyd edilib ki, hazırda bir yataqxanada təmir işləri aparılır. Bu günə gədər müraciət edən bütün tələbələr yataqxanada yerlə təmin olunub və heç bir problemlə üzləşməyib. Vurğulanıb ki, bu il həmçinin müraciət edən bütün tələbələri ATU-nun yataqxanalarında yerlə təmin etmək nəzərdə tutulub. Qiymətlərə gəldikdə isə, bunun yerləşdirilmədən asılı olduğu bildirilib: “İki, üç və dörd nəfərlik otaqlarımız mövcuddur. Yataqxanadan və otaqdan asılı olaraq qiymət dəyişir. Ümumilikdə isə bir ay üçün qiymət 50 manatdan 90 manatadək dəyişir. Oğlanlar üçün olan yataqxanada otaqlar üç nəfərlikdir, orada aylıq qiymət 50 manat təşkil edir. Qızlar yataqxanasında isə qiymətlər fərqlidir, çünki orada bir, iki, üç, dörd nəfərlik otaqlar var. Orada qiymət 50-90 manat arasında dəyişir. Şəhid ailəsinin üzvləri üçün isə yerləşdirilmə ödənişsizdir. Qazi ailə üzvlərinə də güzəştlər təqdim olunur. Digər tələbələr ödənişləri Kapital Bankdakı rəsmi hesabımıza köçürür”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən isə onların hazırda fəaliyyətdə yataqxanasının mövcud olmadığı qeyd edilib. Bildirilib ki, ADMİU-nun yataqxanası uzun illərdir qaçqın və məcburi köçkünlərin istifadəsinə verilib.

Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib ki, UNEC-in hazırda 5 yataqxanası mövcuddur. Amma buna baxmayaraq, tələbələr yataqxanadan istifadə edə bilmirlər: “Çünki hazırda 5 yataqxananın hər birində məcburi köçkünlər məskunlaşıb və bu səbəbdən yataqxananı tələbələrin istifadəsinə verə bilmirik. Məcburi köçkünlər öz doğma yurdlarına köçürüldükdən sonra həmin yataqxanalar yenilənərək tələbələrin istifadəsinə verilə biləcək”.

Bakı Mühəndislik Universitetindən isə qeyd olunub ki, oğlan və qızlar üçün 342 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir: “Yataqxanada 77 otaq mövcuddur. Universitetin tələbə yataqxanaları ən müasir tələblərə cavab verir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol və futbol stadionları var. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb. Yataqxanalarda əsasən yerli tələbələr yerləşib. Əcnəbi tələbələrdən də yataqxananın imkanlarından istifadə edənlər var. Qiyməti ayda 70 manat təşkil edir”.

Azərbaycan Turizm və Menecment Universitetindən cavab olaraq söylənilib ki, ali təhsil müəssisəsinin balansında yataqxana mövcud deyil.

Azərbaycan Dillər Universitetindən isə bildirilib ki, 205 nəfərlik tutumu olan yataqxanaları mövcuddur. Amma universitetin yataqxana imkanından oğlan tələbələr yararlana bilmirlər. Çünki ADU-nun yanlız qızlar yataqxanası var. Qiymətlərə gəlincə isə, bu universitetinin yataqxanasının aylıq ödənişi 30 manat təşkil edir.

Bakı Ali Neft Məktəbindən məlumat verilib ki, bu ali təhsil müəssisəsinin Tələbə Evində tələbələr üçün kifayət qədər yer olur və Tələbə Evində yaşamaq ödənişsizdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin də oğlan tələbələrinin yataqxana imkanlarından yararlanması mümkün deyil. Çünki onun da yataqxana problemi vardır və universitet yalnız 200-dək xanım tələbənin yataqxanada yerləşdirilməsini təmin edə bilir. ADPU-dan qeyd olunub ki, onların Bakı şəhərində 5 tələbə yataqxanası var: “Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. 5 nömrəli yataqxana isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər”.

Qiymətlərə gəlincə isə ADPU-nun xanım tələbəsinin yataqxanada yaşaması aylıq 85 manata başa gəlir: “Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur”.

Azərbaycan Memarlıq Və İnşaat Universitetindən bildirilib ki, univerisitet vaxtilə ölkəmizdə ən böyük yataqxana kompleksinə sahib universitetlərdən biri olub. Qeyd olunub ki, universitet beş binadan ibarət yataqxana kompleksinə malikdir: “Təəssüflər olsun ki, 80-ci illərin sonu, 90–cı illərin əvvəllərində Ermənistanın ölkəmizə hücumu nəticəsində vətəndaşlarımızın məcburi köçkün statusuna düşməsi zamanı həmin vətəndaşlarımız bu kimi tikililərdə yerləşdirilib. Bizim yataqxanada çoxlu sayda məcburi köçkün vətəndaşlarımız məskunlaşıb. Uzun illər onlar yataqxanada yaşayıblar. Yalnız bir korpus universitetin ixtiyarında qalıb və bu korpusu da biz son illərdə əsaslı təmir etdirib yenidən tələbələrimizin ixtiyarına vermişik. Bu korpusda, yəni bu binada təxminən 450 nəfərə yaxın tələbə yerləşdirilib. Orada həm qız, həm oğlan, həm də əcnəbi vətəndaşlığı olan tələbələrimiz məskunlaşıblar və tələbələrin yaşaması üçün ödəniş 50 manat təyin olunub”.

Həmçinin qeyd olunub ki, AzMİU bütün məsələlərdə sosial yönümlü tədbirlərə üstünlük verdiyi kimi, bu sferada da sosial yönümlü prinsipi əsas tutur: “Şəhid ailələri, qazilərin övladları, qazi tələbələrimiz, sosial – iqtisadi durumu zəif olan tələbələrdən universitet rəhbərliyi tərəfindən ödəniş alınmır. Digər tələbələr isə təbii olaraq simvolik ödəniş edirlər. Yəni bu ödənişlər yataqxana kompleksinin təsərrüfat xərcləri, internet xidməti, 24 saat mühafizə xidməti, kommunal xidmətlər üzrə xərclərin ödənilməsinə sərf olunur. Yataqxana kompleksimizin digər korpusları isə uzun illər həmin binalarda məcburi köçkün vətəndaşlarımızın təmirsiz istismarında olub. Artıq o binalarda tələbələrin yaşaması təhlükəlidir. Bu binalar ya əsaslı təmir olunmalıdır, ya da yenidən qurulmalıdır. Azərbaycan Memarlıq və İnşaat Universiteti Elm və Təhsil Nazirliyi ilə birgə bu kompleksi bütövlükdə təmir etdirmək üçün maliyyə axtarışındadır. Universitetin əsas hədəflərindən biri yataqxana kompleksinin maliyyə qaynaqları təmin olunandan sonra əsaslı şəkildə təmir edilərək tələbələrin ixtiyarına verilməsidir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən bildirilib ki, bu ali təhsil müəssisəsinin yataqxanası mövcud olsa da, bir qədər köhnəlib. Amma qeyd olunub ki, əvvəlki illərlə müqayisədə yataqxanalarda xüsusi bir dəyişiklik yoxdur, bununla yanaşı gələcəkdə təmir olunması nəzərdə tutulub. Məlumatda vurğulanıb ki, universitetin yataqxanası 320 nəfərlikdir. Burada həm yerli, həm də əcnəbi tələbələr qalırlar: “Adətən əcnəbi tələbələr üstünlük təşkil edirlər. Yataqxana 2 və 3 nəfərlik otaqlardan ibarətdir. Bir otağın qiyməti 100 manatdır. 2 nəfər qaldıqda hər biri 50, 3 nəfər qaldıqda isə 34 manat vəsait ödəyirlər”.

Lənkəran Dövlət Universitetindən isə bildirilib ki, universitetin qızlar və oğlanlar üçün 2 tələbə yataqxanası var: “Qızlar yataqxanası 160 yerlikdir, 2019-cu ildə inşa olunaraq tələbələrin istifadəsinə verilib. Oğlan tələbələr üçün yataqxana binası 2 il öncə istifadəyə verilib, 250 yerlikdir. Yataqxanaların aylıq ödənişi 60 manatdır. Oğlanlar və qızlar üçün tələbə yataqxanalarında otaqlar 2-3 nəfərlikdir. Otaqların hər birində ayrıca sanitar qovşaqları var, fasiləsiz elektrik enerjisi, isti və soyuq su, internet, soyuducu - bir sözlə, bütün kommunal xidmətlərlə təmin edilib. Hər iki yataqxanada elektrik genoratorunun olması onların fasiləsiz elektrik enerjisi ilə təminatına imkan verir”.

Göründüyü kimi, bəzi ali məktəblərin yataqxana məsələsi ilə bağlı müəyyən çətinlikləri mövcuddur. Uzun illərdir mövcud olan bu problemin yaxın zamanda aradan qaldırılması üçün də artıq zəmin yaranıb. Artıq bir çox məcburi köçkünlərin öz doğma yurdlarını qayıdışı təmin olunub və uzun illərin həsrətinə son qoyulub. Qarabağa qayıdış fonunda bu kimi məsələlərin öz həllini tapacağı gözlənilir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu gün ali təhsilin qarşısında duran ən çətin məsələlərdən biri universitetlərdə yataqxana problemidir. O, uzun illərdir tələbələrin yataqxana məsələsi ilə bağlı əziyət çəkdiyini və bu istiqamətdə ciddi problemlərlə üzləşdiyinin müşahidə olunduğunu söyləyib.

C.Məmmədov hesab edir ki, bu məsələ də tezliklə həllini tapmalı və problem aradan qaldırılmalıdır.

Deputat bildirib ki, mövcud problemin həll yollarından biri ilk növbədə universitetlərin yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçürülməsini təşkil etməkdir: “Çünki bununla yataqxanaları boşaltmaq mümkündür. Eyni zamanda boşalmış yataqxanalar təmir olunmalıdır. Əgər təmir mümkün deyilsə, həmin yataqxanaların yerinə yenilərini inşa etmək lazımdır”.

Milli Məclisin üzvü söyləyib ki, bundan əlavə, dövlət büdcəsindən universitetlər üçün yataqxanaların tikilməsinə və təmirinə pul ayrılmalıdır: “Artıq bəzi universitetlərin yataqxanaları boşalıb, lakin onlar da yararsız vəziyyətdədir. Ona görə də bu məsələlərə ciddi şəkildə baxılmalıdır”.

Təhsil üzrə ekspert Elşən Qafarov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Bakıda ali təhsil müəssisələrinin yataqxana məsələsinin həlli olduqca mürəkkəb məsələdir. Onun sözlərinə görə, son illər Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının təhsillə bağlı hissəsində hər il qəbul olunan tələbələrin sayının 45 mindən 75 minə çatdırılması hədəf qoyulub:

“Nəticə etibarı ilə son 3 ildə hər il qəbul olunan tələbələrin sayında 50 faiz artım olub. Amma təəssüf olsun ki, yeni tədris korpuslarının, yataqxanaların və kampların tikilməsi ilə bağlı məsələ açıq qalır. Beləliklə, tələbələrin sayında artım müşahidə olunur, amma onların qalması və digər sosial məsələlər nəzərə alınmayıb”.

Ekspert söyləyib ki, 2011-ci ildən başlayaraq dövlət ali təhsil müəssisələri ilə dövlət arasında dövlət-biznes partnyorluğu qurulub: “Yəni dövlət hər bir təhsil alana görə ödənişi ali təhsil müəssisəsinin hesabına köçürür. Ali təhsil müəssisələri hüquqi şəxsdirlər. Eyni zamanda həmin ali təhsil müəssisələrinə uzunmüddətli aşağı faizli kreditlər də ayrılır ki, kamplar yaratsınlar və yataqxanalar tiksinlər. Amma Bakı şəhərində bu məsələ çox ciddi problemə çevrilib. Bunun səbəblərinə gəlincə, birincisi, ali təhsil müəssisələrinin köhnə yataqxanalarında hələ də keçmiş məcburi köçkünlər məskunlaşıblar. İkincisi isə, paytaxda demək olar bütün yerlər dolub və yeni bir ərazi yoxdur ki, orada tələbə yataqxanaları tikilsin. Artıq keçmiş məcburi köçkünlər hissə-hissə öz dogma yurdlarına qayıdırlar, amma o yataqxanalar artıq istismar müddətini bitirmiş binalardır. Bu binaların yenidən tikilməsi üçün ali təhsil müəssisələrinin özlərinin də marağı olmalıdır və keçmiş məcburi köçkünlər çıxdıqca, həmin ərazilərdə yeni kampların tikilməsi əsas hədəf olmalıdır”.

Mütəxəssisin sözlərinə görə, uzun illərdir bu problemin həll yolu kimi universitetlərin paytaxtın mərkəzindən kənara köçürülməsi göstərilir: Yəni universitetlər yataqxanaların və kampların tikilməsi üçün şərait olan regionlara və ya Bakı ətrafına köçürülməlidir. Bu, məsələnin həll yolunun birinci variantıdır. Digər variant isə özəl sektora güzəştli kreditlər verərək, özəl yataqxanaların tikintisinə təşviq etməkdir”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə İqtisadiyyat.az-a açıqlamasında söyləyib ki, tələbələrin yataqxana problemini artıq ötən aydan müşahidə etmək mümkündür. Çünki yataqxana ilə təmin oluna bilməyən tələbələr kirayə mənzil bazarına üz tutmalı olur:

“Tələbələr kirayə tutduqları evləri artıq avqust ayının ortalarında axtarmağa başlayıblar. Bu ərəfədə qiymətlərin artımı və təkliflərin məhdudlaşması müşahidə olunur. Hər il olduğu kimi, sentyabr ayının ilk günlərində və daha sonrakı dövrlərdə kirayə evlərin tapılması çətin bir məsələyə çevrilib. Artıq metro çıxışlarına yaxın ərazidələrdə kirayə evlərin tapılması çətinləşib. Bu da təbii ki, qiymətlərə də öz təsirini göstərir”.

Eskpert bildirib ki, orta hesabla hər il kirayə mənzil bazarında 15-20 faiz bahalaşma müşahidə olunur: “Hətta bu rəqəm bəzən 25 faizə qədər qalxa bilir. Lakin daha böyük problem qiymətin artmas deyil, əmlakın tapılmamasıdır. Son 5 il ərzində Bakı şəhərində daşınmaz əmlakın 60 faizə qədər bahalaşması sözsüz ki, kirayə mənzil bazarına da öz təsirini göstərir. Qiymət artımı gözləniləndir. Bu tendensiya sentyabr ayının sonuna qədər davam edəcək”.

İsmayıl Bakuvi


Geri qayıt