“Hindistan Azərbaycan və Pakistanın dostluq və əməkdaşlıq münasibətlərinə qısqanc yanaşır, bizim regionda mənfi fəaliyyəti ilə seçilir. Hindistan Ermənistana silah satmaqla Cənubi Qafqazda gərginlik yaranmasında maraqlı tərəf kimi çıxış edir. Bundan başqa, Hindistan İranla əməkdaşlıq edir və bu formada tarixi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır”.
Bunu “Reytinq” qəzetinə müsahibəsində Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını blokladığına dair gəzən söz-söhbətləri şərh edərkən deyib.
A. Mollazadə qeyd edib ki, Azərbaycan Asiya ilə Avropa arasında kommunikasiya qurur və bu işdə böyük addımlar atır. Dünya nəhəngi olan Çin dövləti də Azərbaycanın bu təşəbbüslərini dəstəkləyir. “Hazırda Azərbaycan və Çin arasında çoxşaxəli əməkdaşlıq formatı yaranıb və inkişaf edir. Sözsüz ki, Hindistan bu prosesə qarşıdır. Ancaq mən hesab edirəm ki, Hindistanın bu istiqamətdə fəaliyyəti uğursuzluğa düçür olacaq”,- deyə deputat əlavə edib.
Mollazadənin fikrincə, Hindistanın Azərbaycana qarşı belə davranışının bir səbəbi də Azərbaycan və Pakistan arasında olan müttəfiqlik və əməkdaşlıq münasibətləridir, bu amil Hindistanı qıcıqlandırır.
Müsahibimiz xatırladıb ki, Hindistan İran və Rusiya ilə yaxından əməkdaşlıq edir.
Mollazadənin hesablamasına görə, xüsusilə, avqustun 8-də ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh naminə irəliyə atılan addımdan sonra Hindistan faktiki olaraq pis vəziyyətdə qalıb və bölgəmizdəki fəaliyyəti sonda uğursuzluğa düçar olacaq.
Geri qayıt
|